Budur, Ukrayna?

20:00 Gündəm 259
Budur, Ukrayna?

Azərbaycan millisi bu axşam AZƏRBAYCANLI məşqçinin rəhbərliyi altında növbəti matça çıxacaq.

Ötən ay Ukrayna ilə Bakıda 1:1 hesablı bərabərə qalan, 3 gün əvvəl Parisdə dünya nəhənglərindən sayılan Fransadan 3 top buraxan seçməmizin bugünkü rəqibi yenə Ukraynadır.

Polşanın Krakov şəhərində gerçəkləşəcək dueldə bizimkilərin xal qazanacağına, ən pis halda bərabərə qalacağına çox az adam inanır. Lobanovskili, Şevçenkolu, Rebrovlu Ukraynanın adı canlara xof salıb.

Lakin unutmayaq ki, müasir futbolda nəticəni bir çox hallarda ustalıq və ad yox, istəklə motivasiya həll edir. “Qarabağ”ın ifasında illərdir bunun şahidi olmaqdayıq.

Bəli, “sarı-göylər” qarşılaşmanın favoritidir. İndiki halda bütün komponentlərdə bizimkilərdən üstün görünürlər. Sentyabrda da beləydi. Di gəl, Ayxan Abbasov baş məşqçi kimi debüt matçında məhz bu rəqiblə heç-heçəni bayram etməyi bacarmışdı.

Ukraynanın son 1 ildəki nəticələrinə baxanda Belçika və İslandiya üzərində əldə olunan nəticələri görə bilərik. Ümumi mənzərəyə göz gəzdirəndə isə, vəziyyət onlar üçün heç də ürəkaçan deyil.

Millətlər Liqasında Çexiya və Gürcüstanla bərabərə qalıb (hər iki halda 1:1 qeydə alınıb – H.), elə həmin turnirdə Albaniyaya uduzub – 1:2.

Bu ilin martında Kanadada keçirilən beynəlxalq turnirdə Yeni Zellandiya üzərində qalib gəlmək mümkün olsa da (2:1), meydan sahiblərinə məğlub olub – 2:4.

Belçika önündə darmadağın (0:3), Fransadan 0:2 hesablı yenilgi də yaxın keçmişə aid göstəricidir.

Ümumiləşdirsək, Sergey Rebrovun rəhbərlik etdiyi kollektiv ötən ilin oktyabr ayından bu günə qədər keçirdiyi 10 qarşılaşmanın yalnız 3-də qələbə qazanıb. Daha 3 dəfə heç-heçə oynayıbsa, digər 4 halda meydanı üzgün tərk edib.

Ukrayna millisindən qorxmağa və çəkinməyə dəyməz. Ağıllı müdafiə olunmaqla 1 xal istəyinə çatmaq mümkündür. Rəqib heç də keçilməz deyil.

Oktyabrın 13-də keçiriləcək matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti