Komandolarımız Xankəndiyə girmək üzrə...

2 İyun 2023 13:30 Gündəm 7 178
Komandolarımız Xankəndiyə girmək üzrə...

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 28-də Laçından Qarabağdakı oyuncaq rejimə faktiki ultimatum göndərdi, son xəbərdarlığını elədi.

Dövlət başlısı net şəkildə qeyd elədi ki, Qarabağdakı qanunsuz silahlı dəstələrin qalıqları çıxarılmalı, qondarma qurumun bütün saxta dövlət atributları ləğv olunmalı, o sırada saxta “parlament” buraxılmalı, “deputat” və “nazirlər” öz “vəzifələrindən çəkilməli, ”özünü “prezident” sayan ünsür təslim olmalıdır.

Dövlət başçısı habelə “miatsum” və “separatçılıq” kitablarının bağlandığını, heç bir statusun olmayacağını, ərazimizdə yaşayan erməni əhalinin isə Azərbaycan Konstitusiyasına əməl edən loyal vətəndaşlara çevrilməli olduğunu vurğuladı.

Artıq ultimatuma separatçı-təlxək yığnağının, oyuncaq rejimin reaksiyası məlumdur. Onlar yenə qanlı konfrontasiya yolunu seçdilər. Deməli, cavab adekvat olacaq.

Bu arada “Şeytan yuvası”nda həm də daxili didişmə və çəkişmələr güclənib. Əlbəttə ki, Azərbaycanla inteqrasiya məsələsi üstündə yox, “hakimiyyət” uğrunda. Gələn xəbərlərə əsasən, Qarabağ separatçılarının qondarma “təhlükəsizlik şurası”nın keçmiş “katibi” Samvel Babayan Azərbaycanın Qarabağ bölgəsində, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə iğtişaşlar salmağa hazırlaşır.

Bu haqda “Hraparak” qəzeti məlumat yayıb. Məlumatda deyilir ki, Babayan Xankəndidə “dövlət idarələrinin binalarına” girişləri bağlamağı planlaşdırır: “Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyanın "fərmanları" da məhz Babayanın planlarının qarşısını almaq üçün verilib. Ötən cümə günü Arutyunyanın “hərbi vəziyyətlə bağlı tətbiq edilən əlavə məhdudiyyətləri, bütün növ görüşlərin qadağan edilməsi, həmçinin bayram və anım günlərində, informasiya sahəsində bəzi məhdudiyyətlər” də məhz bununla bağlıdır. Bizdən ötrü isə qəti fərq eləməz, orada bir-birini qıran separatçılar kimlərdir. “İlanın ağına da lənət, qarasına da”. Odur ki, komandolarımızın işə qarışması an məsələsi ola bilər. Nə barədə ki, mayın 28-də İlham Əliyev separatçı ünsürlərə Laçından son dəfə xəbərdarlıq mesajı göndərib. Yaxşı olar, araikli-samvelli quldurlar komandoslar gəlməmiş canlarının hayına qalsınlar. Könüllü təslim olsalar, cəzaları qismən yumşaldıla da bilər...

*****

Komandolarımız Qarabağda müşahidə məntəqəsi yaradıb?

“Azərbaycan Qarabağ erməniləri ilə dialoq üçün beynəlxalq mexanizmlərin qurulmasına icazə verməyəcək”.

Musavat.com xəbər verir ki, erməni politoloq Tiqran Qriqoryan Azərbaycan Prezidentinin sülhməramlıların nəzarət etdiyi ərazilərdə “hökumət” qurduğunu elan edən qondarma “dqr” ilə bağlı son bəyanatlarını bu cür şərh edib.

“Yəqin ki, ABŞ və Avropa İttifaqı bu məsələdə Azərbaycana müəyyən təzyiqlər edir. Çünki Ermənistan bu məsələni sülh müqaviləsinin imzalanması üçün ilkin şərtə çevirib, vasitəçilər isə tərəflər üçün məqbul olan həll yollarını tapmağa çalışırlar. İlham Əliyev açıqlamaları ilə beynəlxalq mexanizmləri qəbul etmədiyini açıq şəkildə ortaya qoyur. Əgər Qarabağ erməniləri arasında nümayəndəli orqanlar yoxdursa, deməli, danışıqlar aparacaq heç kim yoxdur”, - deyə Qriqoryan iddia edib.

O, sülhməramlıların olduğu bölgələrdə separatçıların bütün “dövlət qurumları”nın ləğvinin əvvəlcədən rəsmi Bakının məqsədi olduğunu da deyib. Onun fikrincə, indiki mərhələdə bu cür bəyanatlar Azərbaycan tərəfinin heç bir beynəlxalq mexanizmə razılıq verməyəcəyini başqalarının diqqətinə çatdırmaq məqsədi daşıyır.

“Kişinyovda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla münasibətlərin normallaşdırılması ilə bağlı müzakirələrin davam etdirilməsini səbirsizliklə gözləyirəm”.

Bunu isə liderlərin “beşli format”da bu gün - iyunun 1-də Kişinyovda baş tutacaq görüşü öncəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz twitter səhifəsində yazıb.

“Bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti bir daha təsdiqləmək, sərhədlərin delimitasiyası işində irəliləmək, eləcə də sərhəd bölgələrində riskləri azaltmaq lazımdır”, - Mişel qeyd edib.

Azərbaycan komandolarının taktiki-xüsusi təlimi keçirilir

Aİ Şurası rəhbərinin sözlərinə görə, Bakı ilə Qarabağ erməniləri arasında onların hüquqları və təhlükəsizliyi ilə bağlı dialoq hazırda həlledici əhəmiyyət kəsb edir. “Maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq vacibdir. 30 ildən çox davam edən münaqişədən sonra yaralar dərhal sağalmır. Cəsarətli qərarlar lazımdır”, - deyə o vurğulayıb.

*****

Mişelin son cümlələri xüsusilə diqqət çəkir. Hiss olunur ki, Əliyevin separatçılarla bağlı sərt mesajı, Bakının səbir kassasının daşmaqda olması barədə xəbərdarlıq rəsmi Brüsselə də çatıb. Eyni zamanda orada xəfif bir narahatlıq yaradıb. Brüsselin bundan hansı nəticəni çıxardığını isə bugünkü görüşdən sonra biləcəyik. Yəni “maksimalist mövqelərdən çəkinmək və dialoqa can atmaq vacibdir” deyərkən Mişel Bakını, yoxsa Xankəndini nəzərdə tutur?

“Brüssel görüşündə irəliləyiş var. Kişinyov görüşünə bunun davamı kimi baxılır”.

Bu sözləri Musavat.com-a Sosial Tədqiqatlar Mərkəzinin mətbuat katibi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli deyib.

Onun fikrincə, Praqa görüşündən sonra siyasi istiqamət iki formada şaxələnib: “Qarabağ və Ermənistan. Erməni icması ilə dialoq məsələsi Vaşinqton görüşlərindən sonra önə çıxdı. Bundan sonra prezident Qarabağ ermənilərini danışığa dəvət etdi, dialoq pəncərəsini açdı. Rusiyanın dəstəyi ilə terrorçulara silah daşınması davam edir, Qərbdən isə dialoq çağırışı gəlir. Görünən odur ki, Kişinyovda dialoqla bağlı məsələ müzakirəyə çıxarılacaq. Bu həm də Azərbaycanın antiterror əməliyyatı keçirməsinə müsbət baxmayan Avropanın mövqeyidir”.

Ekspertin qənaətincə, müzakirəni şərtləndirən İlham Əliyevin Laçındakı çıxışıdır: “Azərbaycan tərəfi Kişinyov görüşündən avantaj kimi istifadə edə bilər. Biz Kişinyovda ciddi nəticə əldə olunacağından daha çox, antiterror əməliyyatının başlama faktoruna inanırıq”.

Komandolar isə elə də uzaqda deyil. Əslində cinayətkar separatçıların müttəfiqi də qalmayıb. Yeganə Rusiyadır ki, o da indi böyük ölçüdə öz hayındadır. Bir ovuc erməniyə görə Moskva çətin ki, Azərbaycan və Türkiyə ilə əlaqələri korlasın. Odur ki, “Şeytan yuvası”nda yuva salan terrorçu-quldurlar “dəmir qapaz” yeməmiş təslimiyyət qərarı versələr, ilk növbədə özlərinə yaxşılıq eləmiş olarlar. Həm də tələssinlər...

Digər Xəbərlər
Xəbər Lenti