Müharibəyə hazırlıq gedir: Qarabağda VPN yükləyənlər var

21 May 2023 07:50 Gündəm 2 133
Müharibəyə hazırlıq gedir: Qarabağda VPN yükləyənlər var

Qarabağdakı separatçı rejimin “spikeri” Artur Tovmasyanın Araik Arutyunyanı istefaya çağırması Xankəndidə narahatlığa səbəb olub.

Erməni mətbuatı yazır ki, Tovmasyanın Qarabağda “müdafiə komitəsi” yaratmaq təklifinə xüsusilə müxalif kəsimlər şübhə ilə yanaşırlar.

Onlar belə komitə sayəsində Ermənistan hökumətinin Qarabağdakı rejimi çökdürməyi və onu Azərbaycanın tərkibində icmaya çevirmək planını reallaşdıracağını düşünürlər:

“Məsələ ondadır ki, “müdafiə komitəsinin” 90-cı illərdəki formasında yaradılması, “hökumətin” əlindəki səlahiyyətlərin bütün gücü özündə toplayacaq struktura verilməsi ilə nəticələnəcək. Məhz bu “komitə” nə vaxtsa qərar verəcək ki, o, Azərbaycanla danışıqlar aparsın”.

Bununla paralel olaraq, Azərbaycanın reinteqrasiya təkliflərini qəbul etməyən, erməni əhalisinin də Bakıya üz tutmasının qarşısını alan Qarabağdakı separatçı rejimin addımları yeni təxribat hücumlarına hazırlıq ehtimalını ön plana çıxarır.

Xankəndidə hazırda proseslər iki istiqamətdə cərəyan edir. Birincisi, daxili siyasi qarşıdurma var: Babayanın qondarma “dövlət naziri” olmaq istəyindən sonra Ruben Vardanyan da aktivləşib;

İkincisi, müharibəyə hazırlıqdır: separatçıların bütün yolları bağlansa da, Xankəndi-Qeybalı-Xəlfəli yolunda qeydə alınan görüntülər Rusiya sülhməramlılarının müşaiyəti ilə silah daşınması işinin davam etdiyi fikrini yaradır, o cümlədən, separatçı rejimin cinayətkarları əfv etməsi də onlardan canlı qüvvə kimi istifadə edilcəyi gözləntisini ortaya çıxarır. Lakin müharibə hazırlığından Araik Arutyunyandan daha çox, Samvel Babayan və Ruben Vardanyan danışır. Babayan “yeni ordu” qurmağı tələb edir, Vardanyan isə döyüşə, “müdafiəyə hazır” olduqlarını bəyan edib. Hər iki şəxsin bu cür çıxışı siyasi mübarizədə önə çıxmaq istəyindən irəli gəlsə də, digər informasiyaları və baş verənləri nəzərə alanda ordumuza qarşı təxribat hazırlığının aparıldığı ehtimalını irəli sürmək mümkündür.

Artıq “müdafiə komitəsi” adı ilə qondarma qurum yaratmaq çağırışları var, məqsəd Bakıya reinteqrasiya prosesinin qarşısını almaqdır. Lakin separatçılara “müdafiə olunduqlarını” göstərmək üçün hansısa hərbi toqquşma lazımdır, məhz bu şəraiti yaratmaq məqsədilə ordumuza qarşı təxribat hücumlarının ola biləcəyi istisna edilməməlidir.

Bütün bunların fonunda dünən axşamdan Qarabağda sosial şəbəkələrin bloklanması da müharibəyə hazırlıq haqda şayiələri gücləndirib. Erməni ekspert Artur Papyan bildirib ki, Qarabağda Feysbuk, İnstaqram və Vatsap qismən bloklanıb:

“Bunu kimin və nə üçün blokladığı bilinmir. Ermənilər VPN proqramlarından istifadə etməyə çalışırlar”.

Digər Xəbərlər
Xəbər Lenti