Azərbaycanda iş adamı klubun prezidenti postundan istefa verəcək?

20 May 2023 19:00 Gündəm 1 240
Azərbaycanda iş adamı klubun prezidenti postundan istefa verəcək?

Naxçıvan Futbol Federasiyası və «Araz Naxçıvan»a yeni prezident seçiləcək.

Bu haqda məlumatı Sportinfo.az-a yerli futbol funksionerləri verib.

Onların bildirdiyinə görə, klubun və «Cahan Holdinq»in sahibinin biznes dayaqları zəifləyib.

Vasif Talıbovun Ali Məclisin sədri postundan getməsindən sonra onun adında olan ticarət strukturlarının bir çoxu əlindən çıxıb.

Muxtar Respublika ilə yanaşı, ölkə xaricindəki şirkətlərinin əhəmiyyətli hissəsi Abbasovdan alınıb və Premyer Liqada çıxış edəcək klubu maliyyələşdirmək imkanları azalıb.

Naxçıvanın Ehtiyat Fondundan «Araz Naxçıvan»a ayrılan dotasiya yarım ildən çoxdur kəsilib. Komanda I Divizionda çempionluq qazanıb, fəqət, futbolçular mükafat üzünə həsrətdir.

Oyunçular onlara vəd olunan pulu ala bilmir. Burada heç də böyük məbləğdən söhbət getmir.

Ötən ilin oktyabrından bəri yalnız 1 dəfə mükafat alan kollektivin qızıl medalların müqabilində gözlədiyi vəsaitin ümumi miqdarı 100 min manatı keçmir, təəssüf ki, iş adamı bunu da hələ ödəməyib / ödəyə bilmir.

V.Abbasov aylar öncə AFFA-da olub, Peşəkar Futbol Liqasının rəhbərliyi ilə görüşüb. O toplantıda «Araz Naxçıvan» Premyer Liqa prespektivi müzakirə edilib.

Naxçıvanlı biznesmen deyib ki, elita səhnəsində yer alarlarsa, klubun maddi yükünü təkbaşına çəkməyə hazırdır.

Artıq həmin görüşdən xeyli keçib və bu müddətdə müəyyən proseslər baş verib.

Görünən odur ki, Abbasov ötən aylara nəzərən daha ehtiyatlı mövqe tutmağı lazım bilib və ümumiyyətlə, futbolla bağlı layihələrdə baş rol almaqdan çəkinir.

AFFA məsələdən xəbərdardır. Federasiyanın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev mayın 23-də bölgəyə səfər edəcək, qızıl medalların komandaya təqdimolunma mərasiminə qatılacaq.

O gün Naxçıvanın rəsmi çevrələri də tədbirə təşrif buyuracaq və güman ki, Vüqar Abbasovla bağlı suallara da orada aydınlıq gələcək.

Gözlənilən budur ki, kluba yeni sponsorlar cəlb olunacaq və iş adamı bir qədər arxa plana keçəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!