“Gecikdim” - Karyerasını başa vuran hücumçudan XƏBƏR VAR

19 May 2023 23:00 Gündəm 838
“Gecikdim” - Karyerasını başa vuran hücumçudan XƏBƏR VAR

Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev xeyli vaxtdır gözə dəymir.

Yanvarda peşəkar futbolçu karyerasını başa vuran sabiq “11 nömrə”nin məşqçiliyə başlayacağını təxmin etsək də, bunu görmədik.

Halbuki, butslarını onunla eyni vaxtda “mismardan asan” Əfran İsmayılov artıq xeyli vaxtdır B lisenziyasına sahib olmaq üçün kurslarda iştirak edir.

Raufu nə kateqoriya məşqlərində görürük, nə də stadionlarda.

Odur ki, Əliyevlə əlaqə saxlayıb, hazırkı durumu ilə maraqlandıq:

“Şükürlər olsun, hər şey qaydasındadır. Çempionatı izləyirəm, ara-sıra dostlarla futbol oynayıram, şəxsi işlərimin həlli ilə məşğulam. Necə deyərlər, hələ ki, dincəlirəm.

Kateqoriyaya gəlincə, açığı, B kurslarında iştirak etmək istəyirdim. Sadəcə, gecikdim.

Əfran karyerası ilə bağlı məndən öncə qərar vermişdi deyə, kateqroiya üçün də məndən əvvəl müraciət etmişdi. Ona görə də indi o oxuyur, mən yox.

Hazırda C kateqroiyasına sahibəm, vəsiqəm özümdədir. Avqust-sentyabr aylarında B kurslarına qatılacam. Məşqlərdə iştirak etmək, bilmədiyim şeyləri öyrənmək özüm üçün də maraqlıdır”.

“Qarabağ”, “Bakı”, “Neftçi”, “Xəzər Lənkəran”, “Keşlə” (indiki “Şamaxı”), “Qəbələ”, “Səbail”, “Kəpəz”, “Kukesi” kimi komandaların şərəfini qorumuş Rauf Əliyev Azərbaycan çempionatları tarixində 300-dən çox oyunun iştirakçısı olmaqla 63 qola imzasını atıb.

Azərbaycan yığmasının heyətində 45 matçda 7 top vurub.

O, 2016/17 mövsümündə “Keşlə”nin heyətində 26 oyunda vurduğu 11 qolla çempionatın ən məhsuldar futbolçusu adını qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti