Orxan Məmmədov: "Qarabağın münbit torpaq ehtiyatı aqrar sektor üçün yeni imkanlar yaradıb"

18 May 2023 17:30 Gündəm 618
Orxan Məmmədov: "Qarabağın münbit torpaq ehtiyatı aqrar sektor üçün yeni imkanlar yaradıb"

Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının böyük iqtisadi potensialı və investisiya cəlbediciliyi, kənd təsərrüfatı üçün münbit torpaq ehtiyatına malik olması aqrar sektor və qida sənayesi üçün yeni imkanlar yaradıb.

Bunu Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") açılış mərasimində deyib.

Onun sözlərinə görə, dövlət-özəl əməkdaşlığı çərçivəsində reallaşdırılan layihələr qarşıdakı illərdə aqrar və qida sənayesinin, nəticədə isə ölkə iqtisadiyyatının inkişafına öz müsbət töhfəsini verəcək:

"Əminəm ki, aqrar və qida sektorlarında qazandığımız uğurların nümayiş olunduğu “Caspian Agro” və “InterFood” sərgiləri işgüzar əlaqələrin qurulmasında və inkişafına öz müsbət töhfəsini verəcək".

O. Məmmədov vurğulayıb ki, bugünkü sərgilər ölkənin kənd təsərrüfatı sahəsində qazandığı uğurları, eləcə də aqrar və qida sektorlarında fəaliyyət göstərən sahibkarların nailiyyətlərini əyani şəkildə görməyə imkan yaradır.

KOBİA sədri bildirib ki, ənənəvi olaraq hər il keçirilən “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştiraka sahibkarların marağı böyükdür:

"KOB-ların satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıdılmasına dəstəyin göstərilməsi vacibdir. KOBİA da səlahiyyətləri çərçivəsində bu dəstəyi göstərir.

Bu sərgilərdə də 15-ə yaxın KOB subyektinə məhsul və xidmətlərini təqdim etməyə imkan yaradılıb. Ümumiyyətlə kənd təsərrüfatı və qida sənayesi KOB subyektlərinin daha çox fəaliyyət göstərdiyi sektorlardandır.

KOBİA bu sektorlarda fəaliyyət göstərən KOB subyektlərini müxtəlif xidmətlər və mexanizmlər çərçivəsində hər zaman dəstəkləyir və imkan yaradır ki, onlar öz məhsul və xidmətlərini geniş auditoriyaya təqdim etsinlər".

Digər Xəbərlər
Xəbər Lenti