Tarixi hadisəyə iddialı reaksiya: "Əliyar Ağyev Türkiyə hakimlərindən üstündür"

2 Noyabr 2022 17:00 Gündəm 1 124
Tarixi hadisəyə iddialı reaksiya: "Əliyar Ağyev Türkiyə hakimlərindən üstündür"

Dünən futbol ictimaiyyətinin əsas müzakirə mövzusu azərbaycanlı futbol hakimi Əliyar Ağayev idi.

Bu da səbəbsiz deyil. Belə ki, FİFA referisi UEFA-dan mühüm təyinat alıb.

Bəli, UEFA-dan Ağayevə bu günə qədər çox sayda təyinatlar gəlib. Və həmyerlimiz də hər dəfəsində üzümüzü ağ etməyi bacarıb.

Budəfəki sevincin səbəbi isə tam başqa idi. O, ilk dəfə ən mötəbər klub turniri olan Çempionlar Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.

Belə ki, Ağayevə 6-cı turda “Kopenhagen” (Danimarka) – “Borussiya” (Dortmund, Almaniya) oyununun baş hakimliyi tapşırılıb. Ona yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

Noyabrın 2-də Danimarkada keçiriləcək sözügedən matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol tariximizdə ilk dəfədir ki, Azərbaycanı təmsil edən hakim ÇL-in qrup mərhələsinin oyununa təyinat alır.

Sosial şəbək izləyiciləri də tarixi hadisəyə biganə qalmayıblar.

Yazılan çoxsaylı şərhlər arasında kimisi məsləhət verib, kimisi də ona inamını ifadə edib:

"Ölkə futbolu adına böyük naliyyətdir. Eyni zamanda məsuliyyətdir. Uğurlar!".

"Avropa Liqasında yəqin ki, oyun idarəetməsi yaxşı olub və ona görə Çempionlar Liqasına təyinat verilib. İnşallah, Cüneyt Çakır kimi finallara qədər yolu olar".

"Əla, sevincli bir an".

"Bir insan öz işinə peşəkar və məsuliyyətli yanaşarsa, səhvə yol verməzsə Allah o insanı mütləq mükafatlandıracaq. Heç kimə fikir vermədən bütün oyunları həmişə ədalətli idarə edib. Uğurların davamlı olsun, Əliyar bəy! Fəxrimizsən!".

"Təbrik edirik. Axır ki, bizim də hakimi ÇL-də görəcəyik. Uğurlar olsun. İnşallah, daha çox təyinatlar alar".

"Layiqli hakimdir! Təbriklər".

"Düzdü, məsuliyyət 2 qat artıqdır. Amma inanın Əliyar Türkiyə hakimlərindən üstündür. Uğurlar qardaşımıza. İnşallah, növbəti mövsüm ÇL-in final oyunun idarə etməsin arzu edirik".

"Hakimlərin işi VAR-a görə bir az yüngülləşib. Əsas odur ki, oyunçulardan çəkinməsin. Uğurlar!"

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti