Bu axşam saat 23:00-dan etibarən gözlər “Bojuar” stadionuna dikiləcək.
“Qarabağ” Avropa Liqasının qrup mərhələsi çərçivəsində Fransada “Nant”ın qonağı olacaq.
Qrupda keçirdiyi 4 oyunda aktivinə cəmi 3 xal yazmağı bacaran Nantın eyniadlı komandasının Liqa-1-dəki işləri də qaydasında getmir.
Ağdamlıların rəqibi ölkə çempionatının son 5 oyununda yalnız 1 qələbə qazanmaqla 12 turdan sonra 11 xalla 20 komanda arasında 15-ci pillədə qərarlaşıb.
Bununla belə, “sarı-yaşıllar”ın azarkeşləri sevimli komandalarının “Qarabağ”la oyunda uğurlu nəticə qazanacağına ümid edir.
Klubun “feysbuk” səhifəsində məlum qarşılaşma ilə bağlı yerləşdirilən paylaşıma müxtəlif səpkili şərhlər yazıb ki, ən maraqlı olanlarını təqdim edirik:
“Geniş auditoriya önündə nəyə qadir olduğunuzu göstərin!”
“Haydi, kişilər. Pley-offa olan ümidlərimizi puç etməyin. Sən qrupdan üzüağ çıxmağa layiqsən, “Nant”
“Ötən oyunlarda olanları unudub, axşamkı oyundan qələbə ilə ayrılmalısınız. “Nant” qələbə qazanacaq”.
“Həlledici andır. Mütləq və mütləq qələbə qazanacağıq”.
“Hələ heç nə bitməyib. Bu axşam meydanı 3 xalla tərk edib Yunanıstana yollanırıq. “Qarabağ” sonuncu turda qrupun lideri “Frayburq”la qarşılaşacaq. Hər şey öz əlimizdədir”.
“1:0 vəziyyəti kökündən dəyişəcək. Ümidimizi itirməmişik, qələbə arzulayırıq”.
“Bojuar”ı rəqib üçün “cəhənnəm”ə çevirib, yekunda 3 xalı bayram edəcəyik. Biz buna qadirik”.
“Fransa kubokunun sahibi bu gün bizi sevindirib, növbəti həftə bizə pley-offa vəsiqəni gətirəcək”.
Avropa Liqasının 5-ci turu çərçivəsində baş tutacaq “Nant” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

