Tovuzlular BU XƏBƏRİ bayram edir

25 Oktyabr 2022 21:20 Gündəm 1 176
Tovuzlular BU XƏBƏRİ bayram edir

9 ildən sonra Premyer Liqaya qayıdan “Turan Tovuz”da üzlər gülür.

Mövsümün əvvəlində məhdud büdcə ilə yola çıxan, tələm-tələsik heyət formalaşdıran, elitada uğurlu olacağı şübhə altına düşən qərb təmsilçisi hələ ki, ümidləri doğruldur.

Ayxan Abbasovun başçılıq etdiyi kollektiv 10 oyundan 3-nü qələbə, 3-nü heç-heçə başa vurmaqla 12 xalla 10 komanda arasında 6-cı pillədə qərarlaşıb ki, indiki vəziyyəti debütant üçün keçərli saymaq olar.

Bu, öz yerində.

Son günlər tovuzluları sevindirən əsas xəbər təqvimdəki oyunların məkanıdır. Diqqətli oxucular bilir. Bilməyənlərə məlum olsun ki, “Turan Tovuz” qarşıdakı 3 oyunu doğma meydanda keçirəcək.

Tovuz təmsilçisi noyabrın 28-də 12-ci tur çərçivəsində “Sumqayıt”ı qəbul edəcək. Noyabrın 4-də isə 13-cü tur çərçivəsində yenə doğma şəhərdə oynayacaq. Bu dəfə “Şamaxı”nı qəbul edəcək.

Və bölgədə hər kəsin səbrsizliklə gözlədiyi duel – “Qarabağ”la oyun. 3-cü turda təxirə salınmış qarşılaşma noyabrın 9-na təyin edilib.

Bu o deməkdir ki, Abasovun yetirmələri 12 gün ərzində Tovuzda 3 oyun keçirəcək. Meydan sahiblərinin bu görüşlərdə xal ehtiyatını artırması inandırıcı görünür.

Maraq üçün bildirək ki, “Turan Tovuz” 5 oyundur qələbə üzünə həsrətdir. Sonuncu qələbə sentyabrın 9-da “Kəpəz” üzərində qazanılıb – 2:0.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti