“Ermənistan eyni oyunu oynayır...” - Azərbaycan XİN

29 Sentyabr 15:30 Gündəm 233
“Ermənistan eyni oyunu oynayır...” - Azərbaycan XİN

“28 sentyabr 2022-ci il tarixində Ermənistan Xarici İşlər Nazirliyi guya Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə bağlı əsassız bəyanatı, habelə bu ölkənin baş nazirinin sosial şəbəkə hesabı üzərindən Azərbaycana qarşı saxta ittihamları açıq şəkildə Ermənistanın bölgədəki vəziyyəti gərginləşdirmək məqsədi güddüyünü göstərir”.

Bu barədə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daha öncədən məlumat verildiyi kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətindəki bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub və nəticədə Azərbaycan Ordusunun hərbi qulluqçusu ağır yaralanıb. Beləliklə də Ermənistan tərəfinin atəşkəsi pozaraq əl atdığı təxribata cavab olaraq Azərbaycan Ordusu adekvat tədbirlər görüb.

Ermənistan tərəfinin artıq “ənənə” xarakteri almış təxribatlarının növbəti yüksək səviyyəli görüş ərəfəsində məqsədli şəkildə baş verməsi şübhə doğurmur. Xatırladırıq ki, Ermənistan, bu ilin 13 sentyabr tarixində saat 9.00 da əldə edilmiş atəşkəsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Zirvə görüşü ərəfəsində pozaraq, qəsdən gərginliyi artırmaqla təxribatlarını 36 saat davam etdirdi. İndi də həm, iki dövlət arasında yenidən təmasların baş tutduğu, növbəti görüşlərin planlaşdırıldığı bir vaxtda və bölgəyə beynəlxalq vasitəçilərin səfəri ərəfəsində Ermənistan eyni oyunu oynayır, insanları öz cılız siyasətinin qurbanına çevirir.

Aydındır ki bu, Ermənistanın danışıqlar prosesini pozmaq üçün növbəti bəhanəsidir.

Ermənistan rəhbərliyi bölgədəki vəziyyəti gərginləşdirməməli, danışıqlar prosesinə qeyd-şərtlər irəli sürməməli, beynəlxalq ictimaiyyəti ittiham etmək təcrübəsini dayandırmalı və danışıqlar masasında əyləşməlidir.

Ermənistandan fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan, işğaldan azad edilmiş ərazilərimizdə iri miqyaslı bərpa quruculuq və nəqliyyat kommunikasiyalarının açılması üçün sürətlə iş aparan Azərbaycan bölgədə gərginliyin yaranmasında maraqlı deyil. Lakin ölkəmizə qarşı olan hər hansı təxribatın qarşısı qətiyyətlə alınacaq”, - məlumatda qeyd olunub.

Digər Xəbərlər
Xəbər Lenti
5 Dekabr 17:20 Fransanı durdurun...
5 Dekabr 03:00 "Qarabağ"da sorğu-sual