Erməni qanmazlığı, İran fitvası, yoxsa...-Prezidentin xəritə mesajı

22 Sentyabr 2022 17:30 Gündəm 533
Erməni qanmazlığı, İran fitvası, yoxsa...-Prezidentin xəritə mesajı

Ermənistanın törətdiyi 12-13 sentyabr təxribatlarından sonra həm xarici, həm də daxili auditoriyada növbəti dəfə informasiya təxribatları baş verirdi.

Xüsusilə iki istiqamətdə qərəzli xəbərlər sosial şəbəkələr və xaricdən idarə olunan bəzi saytlar vasitəsilə cəmiyyətə ötürülür, bunun üzərində “fırtına qoparmağa” cəhdlər edilirdi:

Birincisi o idi ki, ermənilərin və onların havadarlarının “Ermənistan ərazisinə təcavüz olub” iddiasına fokuslanaraq, “bizə o ərazilər lazım idimi, bu döyüşlər niyə oldu” sualı ilə ictimaiyyəti çaşdırmağa çalışırdılar.

İkincisi, bəziləri belə iddialar ortaya atmışdılar ki, guya Laçın şəhəri yenidən sülhməramlıların nəzarətinə qaytarılıb, Laçın dəhlizinə alternativ - yeni inşa edilən yoldan istifadə gələn ilin yazında istifadə edilməyə başlayacaq. Belə söhbətlər ortaya atılmışdı ki, “Laçın şəhəri ilə mübahisə qalmaqdadır, ora nəzarət yenə bizdə deyil” və s.

Sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldan Prezident İlham Əliyevin bu addımı həm də cəmiyyətimizdə çaşqınlıq yaratmaq istəyənlərə bir şapalaq oldu.

Ali Baş Komandan Laçın şəhərində bayrağımızı ucaltdıqdan sonra şəhəri gəzdi, xəritələr üzrə müşahidələr apardı, görüləcək işlər barədə tapşırıq və tövsiyələr verdi.

Laçın şəhərində tikinti bərpa işlərinə dair sərəncamlar imzaladı, vəsaitlər ayırdı.

Bundan sonra Laçın şəhərinə dair “mübahisəli vəziyyət” söhbətlərini ortaya atanların üz qızartıları göz önündə canlanır...

****

Prezident Laçın şəhərində çıxış edərkən 12-13 sentyabr döyüşlərinə dair ən incə detallarına qədər açıqlama verdi. Habelə, Azərbaycanın dəyişməz strategiyalarını bir daha diqqətə çatdırdı.

1663770773894013104_1000x669.jpg (580 KB)

Sitat: “...Son aylar ərzində dəfələrlə bizə qarşı hərbi təxribatlar törədilirdi. Təkcə Laçın rayonu ərazisində 1400-dən çox yeni mina döşənmişdir və bu minalar 2021-ci ildə basdırılmışdır, yəni, müharibədən sonra. Bu, Azərbaycana qarşı açıq terror hərəkətidir. Müharibədən sonra 240-dan çox Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı müharibə davam edir, bizim insanlarımız həlak olur. Biz buna imkan verə bilərikmi? Heç vaxt buna imkan verə bilmərik. Ermənistanı dəfələrlə xəbərdar etmişik, bu çirkin əməllərdən əl çəksin, peşman olacaq.

Nəticə etibarilə sentyabrın 13-də bizə qarşı növbəti təxribat törədilərkən Azərbaycan Ordusu cavab verərək düşməni yenə də yerinə oturtdu. Ümid edirəm ki, nəhayət bu, onlara dərs olacaq. Çünki gördülər ki, bizi heç kim və heç nə dayandıra bilməz. Heç kimin zəngi, heç bir bəyanat, heç bir təşəbbüs bizi dayandıra bilməz. Biz öz torpağımızdayıq və öz torpağımızı qoruyuruq. Sərhəd boyunca əldə etdiyimiz mövqelər imkan verir ki, biz istənilən erməni təxribatını qabaqcadan görək və lazımi tədbirlər görək. Biz ta Murov dağından Araz çayına qədər Azərbaycan-Ermənistan sərhədində əlverişli mövqelərdəyik. Bu mövqelər bizə həm hərbi üstünlük verir, həm böyük əraziyə vizual nəzarət imkanı yaradır, o cümlədən önəmli kommunikasiya xətlərinə nəzarət etməyə imkan verir və biz artıq bu bölgələrdə yerləşirik. Biz otuz il bu sərhədlərdə olmamışıq”...

Dövlət başçısı ermənilərin və onların bəzi havadarlarının “təcavüz” iddialarına o qədər səlis, diplomatik və sərt cavab verib ki, artıq heç bir şərhə də ehtiyac qalmır. Sitat: “İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər.
Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq”.

Sərhəd məsələsi ilə bağlı Prezident Ermənistana, onun dəstəkçilərinə xüsusi bir mesaj verib: “Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz”.

xerite.jpg (608 KB)

Ali Baş Komandan Azərbaycanın gələcək strategiyası, dəyişməz hədəflərini də bir daha bəyan edib: “Sentyabrın 13-də biz yenə də şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah şəhidlərimizin yaxınlarına səbir versin. Amma onlar bilməlidirlər ki, şəhidlər Vətən uğrunda şəhadətə yüksəliblər. Biz müharibə istəmirik, istəmirdik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik.

Ancaq əgər düşmən bizə qarşı təxribat törədəcəksə, layiqli cavabını verəcəyik. Bu gün Ermənistan yaxşı fikirləşməlidir. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Mən bir daha demək istəyirəm ki, bizi heç kim və heç nə dayandıra bilməz. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq, qorumuşuq, bərpa etmişik. Bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik, torpaqlarımızı güc yolu ilə azad etmişik və bununla fəxr edirik. Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik və bu gün burada dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir”.

****

Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən ardıcıl təxribatlarin, habelə sərhəd məsələsində qərəzli, ermənipərəst mövqe tutan İranın davamlı təhdidlərinin məqsədi bizi strategiya və hədəflərimizdən çəkindirmək məqsədi daşıyırdı.
Bu kontekstdə Prezidentin Laçında verdiyi bəyanatlar əslində, həm Ermənistanın, həm də onu fitvalayanların, qahmar çıxanların özlərinə nəticə çıxarması üçün kifayətdir. Ali Baş Komandan düz hədəfə vurub.

Təbii, normal qafalar Azərbaycanın net mövqeyini görərək, buna adekvat davranmağın alternativi olmadığı qənaətinə gələcəklər.
Ancaq Prezidentin mesajlarından sonra biz həm də onu müşahidə etdik ki, Ermənistanda, İranda özlərini eşitməzliyə, qanmazlığa vuranlar, regionda sabitliyin yaranmamasına çalışanları neytrallaşdırmaq üçün mübarizəmizi davam etdirməli olacağıq.
Söhbət ondan gedir ki, Ali Baş Komandanın sülh, barış üçün çağırışlarından sonra - sentyabrın 22-si gecə saat 02:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə təxribat törətməyə cəhd edib.
Qarşı tərəf Kəlbəcər istiqamətində yerləşən bölmələrimizi iriçaplı silahlardan, qumbaraatan və minaatanlardan atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin diversiya qrupu qeyd olunan ərazilərdə dərə boşluqlarını minalamaqla bölmələrimizə basqın etməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən cavab tədbirləri nəticəsində qarşı tərəf geri çəkilməyə məcbur edilib.
Bəli, bu o deməkdir ki, revanşist ermənilər hələ də tam ağıllanmayıblar. Yenə də təxribatlar törətmək üçün fürsət gəzirlər.
Bu təxribatın paralelində baş verən digər bir olay isə erməni revanşistlərin xaricdən fitvalanmasını söyləməyə əsas verir.
Prezident İlham Əliyevin sərhəd məsələsinə dair tutarlı açıqlamalarından, delimitasiya çağırışlarından və XIX, XX əsrə aid xəritələrlə bağlı mesajlarından dərhal sonra İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri Azərbaycanı təhdid edib.

Hərbi paradda çıxış edən Baqiri İran-Ermənistan sərhədinin dəyişəcəyindən narahatlıq duyduğunu ifadə edib. O, sərhəd dəyişikliyi olarsa, səssiz oturmayacaqlarını vurğulayıb.
Deməli, hazırda İran və Ermənistan eyni ələ oynayır, hətta sərhəd və Zəngəzur dəhlizi məsələsində Tehran Ermənistandan daha çox bağırır.
İran hazırda qarışıb, bilinmir ki, az sonra hazırkı rejim hakimiyyətdə qalacaq, ya yox. Özləri ilə məşğul olmaq əvəzinə erməniləri fitvalayır və Azərbaycanı təhdid edirlər. Bunun adı anormallıqdır, rəzalətdir, hüquq, sərhəd anlayışından bixəbərlikdir.

İranın sərhəd, Zəngəzur dəhlizi məsələlərində haqsız mövqeyinin səbəbləri barədə bir neçə gün öncə ətraflı yazmışıq, ona görə də təkrarçılığa yol verməyək. (Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: https://musavat.com/news/iraninki-ermeni-yangisi-deyil-narkotranzit-davasidir_921156.html)
Ancaq bu təxribatlar, təhdidlər Ermənistanın, İranın özünün başını ağrıdacaq. Çünki dünyanın aparıcı gücləri bu dəhlizin açılmasının tərəfdarıdır! İranla Ermənistanın dirənişi mənasızdır.

zeng.jpg (57 KB)

Bu kontekstdə Prezident İlham Əliyev hələ 2021-ci ilin aprelində prosesin necə olacağını bəyan edib. Sitat: “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq".

Artıq nəsə deməyə ehtiyac qalmır.

Elşad MƏMMƏDLİ

Digər Xəbərlər
Xəbər Lenti