Xəbər verdiyimiz kimi, "Kəpəz" Stefan Çupiçi heyətinə qatmaq istəyir.
Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov AZAL və “Şamaxı”dan yaxşı tanıdığı Stanislav Namaşkonu Azərbaycana qaytara bilmədiyindən, hər vachlə çalışır ki, serbiyalı qapıçı bura gəlsin.
Balkanlı da karyerasını ölkəmizdə davam etdirməkdə maraqlıdır. Sadəcə, viza almaqda çətinliklə üzləşib.
Belə ki, qolkiperin əvvəllər “Ararat Armenia”da forma geyinməsi Azərbaycana gəlişinə problem yaradıb.
“OFK Beoqrad”, “Dorçol”, “OFK Baçka”, “Sarpsborq”, “Vozdovaç” da çıxış etmiş 28 yaşlı qapıçı 2019-2021-ci illərdə “Ararat-Armenia”ya lazım olub. Onun son klubu isə Nikosiya “Olimpiakos”udur.

Stefan daha öncə - avqustda “Sumqayıt”a təklif edilib. “Kimyaçılar” onun məhz Ermənistanda legioner həyatı yaşaması səbəbindən transferi reallaşdırmayıb.
“Gənclik şəhəri” təmsilçisi dəqiqləşdirib ki, serbiyalı 2020-ci ildə baş verən 44 günlük Vətən Müharibəsi zamanı ermənilərə dəstək verib.
Belə ki, Stefan üzərində separatçı “DQR”in əski parçasının fotosu olan statusu sosial şəbəkədə paylaşıb, “serblər həmişə sizinlə birlikdədir” yazıb.
Azərbaycan xalqına və dövlətçiliyinə zidd hərəkət edən Çupiçlə müqavilə imzalamaqdan birmənalı imtina ələyən “Sumqayıt”lılardan fərqli olaraq, “Kəpəz” rəhbərliyinin mümkün transfer xəbərinə səssiz qalması təəssüf və təəccüb doğurur.
Görünür, ya hələ serbiyalı qapıçının ermənipərəst mövqeyindən məlumatlı deyillər, ya da Tərlan Əhmədova heç nə söyləyə, “”bu transferdən vaz keç” deyə bilmirlər.
Nə hikmətdirsə...
SPORTİNFO.AZ

