Premyer Liqa klubları çempionatın yeni titul sponsorundan gəlməli olan pulunu hələ bir müddət də gözləyəcək.
Bu barədə Sportinfo.az-a AFFA-dan bildirilib.
Redaksiyamıza verilən məlumata görə, ödəmələrin növbəti dəfə gecikdirilməsi sənədləşmə ilə bağlı problemlərin tam aradan qaldırılmamasından qaynaqlanır.
Qrant xarakterli yardım paketinin köçürülməsi üçün müvafiq dövlət qurumları bəzi yeni sənədlər tələb edib və onların hazırlanması əlavə zaman istəyir. Odur ki, prosesin sentyabrın sonu, oktyabrın əvvəlinədək uzanması gözlənilir.
Burada söhbət hər kluba 3 milyon manatdan gedir. Əvvəlcədən əldə olunan razılaşmaya əsasən, vəsait aylar üzrə bölünərək elita təmsilçilərinə köçürüləcək.
Premyer Liqa iştirakçıları bu məqsədlə ayrıca bank hesabı açdırıb. Həmin hesaba yatırılacaq məbləğdən vergi tutulmayacaq.
SPORTİNFO.AZ

