“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində üz-üzə gələcəyi “Frayburq” cari mövümdə avrokuboklarda 1 oyun belə keçirməyib.
Qrup mərhələsinə birbaşa vəsiqə qazanan Almaniya təmsilçisi Almaniya Bundesliqasında keçirdiyi matçlar hesabına oyun təcrübəsi qazanıb ki, burada göstərdiyi nəticələr göz oxşayır.
Təbii, “Frayburq” ağdamlılar üçün kifayət qədər ciddi rəqibdir və buna görə də oyunun favoriti onlar hesab olunur. Amma bu komanda keçilməz deyil.
Qurban Qurbanovun yetirmələrinə verəcəyi əsas tapşırıq qapının toxunulmazlığını qorumaq olacaq.
Bu mənada əsas yük çıxışlarda səhvlərlə yadda qalan Şahruddin Məhəmmədəliyevlə qeyri-sabit oyun sərgiləyən Bədavi Huseynovun, eləcə də avrokubok təcrübəsi kasad olan Bəhlul Mustafazadənin üzərinə düşəcək.
Cinahlarda yer alacağı ehtimal olunan Marko Veşoviçlə Toral Bayramovun işinin ağır olacağını da deyə bilərik.
“Frayburq”un bu mövsüm Bundesliqada keçirdiyi 5 oyunun icmalına baxmaqla hücumlar zamanı hansı üstünlüklərə sahib olduqlarını görmək mümkündür.
Biz “ağ-qaralar”ın vurduğu qolları təsvir edək, siz isə nəticə çıxarın.
"Auqsburq" – "Frayburq" 0:4
İlk qolu frayburqlu azarkeşlərin yeni qol ümidi Mixael Qriqoritş vurub. Ucaboy mərkəz hücumçusu cinah ötürməsini başla qapıdan keçirib.
İkinci hissənin əvvəlində Vinçenzo Qrifo fərqlənib. Almaniyada doğulan İtaliya əsilli pleymeyker cərimə zərbəsini möhtəşəm yerinə yetirib.
Üçüncü qol da standart vəziyyətin davamında vurulub. Qapı qarşısına edilən asma zamanı Qriqoritş topu başla yerə salıb, Mattias Ginter dəqiq zərbə ilə rəqib qapıçını məyus edib.
78-ci dəqiqəyə təsadüf edən sonuncu qolu isə Ritsu Doan hücum kombinasiyası zamanı cərimə meydançasının xətti üzərindən tora qovuşdurub.
"Frayburq" – "Borussiya" 1:3
“Qarabağ”ın rəqibi “Borussiya”nın qapısından keçirdiyi topu ənənəvi şəkildə vurub. 35-ci dəqiqədə cinah asması zamanı Ginter topu başla qapı qarşısına ötürüb, Qriqoritş da eyni üslubda fərqlənib.
"Ştutqart" – "Frayburq" 0:1
Yenə “Frayburq” üslubu, yenə cinah ötürməsi və yenə Qrifo. Komandasının “ürəyi” 11-ci dəqiqədə Sildilianın cinahdan ötürdüyü topa sürüşərək ayaq qoyub və oyunda yeganə, həm də həlledici qolu vurub.
"Frayburq" – "Bohum" 1:0
İkinci hissənin əvvəlində hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. “Nöqtə”yə yaxınlaşan Qrifonun ilk zərbəsini qapıçı dəf edib, cütlüyün ikinci duelindən də qolkiper qalib ayrılıb. Lakin üçüncü cəhddə Vinçenzo toru silkələməyi bacarıb.
"Bayer Leverkuzen" – "Frayburq" 2:3
Qonaqlar Bundesliqanın ötən ilki “bürünc” mükafatçısı ilə qarşılaşmada hesabda geri düşsə də, özündə güc tapmağı bacarıb. 48-ci dəqiqədə kapitan Ginter Qrifonun künc zərbəsindən qapı qarşısına havalandırdığı topu başla qapıdan keçirib.
İkinci hissənin gedişində “Bayer”in müdafiə xəttində yol verilən səhv onlara baha başa gəlib. Qriqoritş Jeong Woo-Yeonun cinah ötürməsini dəqiq zərbə ilə tamamlayıb.
Hesab 2:2 olarkən səhnəyə yenə künc zərbəsi və “Frayburq”un futbolçuları çıxıb. Kornerdən qapı qarşısına havalandırılan topu Höfler başla qapı qarşısına ötürüb, Roan da başla tora qovuşdurub.
Təsvirdən də göründüyü kimi, “Frayburq” qolları Bundesliqa azarkeşlərinin əzbər bildiyi şəkildə - standart vəziyyətlərdən, ya da cinah ötürmələrindən sonra vurur.
Almaniya təmsilçisinin irəli ucdakı iki ucaboy futbolçusu Qriqortişlə Ginter “ikinci mərtəbədə” olduqca təhlükəlidir. Qrifo isə “duran toplar”ın mahir ifaçısıdır.
“Qarabağ”ın məhz standart vəziyyətlər zamanı ciddi çətinliklə üzləşdiyini nəzərə alsaq, bu axşam işimizin asan olmayacağı dəqiqdir. Ən azı ona ümid edək ki, cinahda yer alan Toralla Marko hava ötürmələrinin çoxalmasına imkan verməyəcək.
HƏBİB / SPORTİNFO.AZ

