Elçin Cəfərov yazır - "Köhlən atlar" "alman maşını"na qarşı

8 Sentyabr 2022 18:10 Gündəm 772
Elçin Cəfərov yazır - "Köhlən atlar"  "alman maşını"na qarşı

Bu gün "Qarabağ" Avropa Liqasının G qrupunda mübarizəyə qoşulacaq.

Komandamız ilk turda Almaniyada "Frayburq"un qonağı olacaq.

Tribunalarda anşlaq olacaq, ekran qarşısında milyonların qəlbi "Qarabağ"la döyünəcək.

Bəs "Qarabağ"ı çətin səfər matçında nələr gözləyə bilər ?

Çox güman ki, 4-3-3 oyun formatı ilə meydançaya çıxacağı gözlənilən komandamız müdafiənin arxasına atılan toplarda və standart vəziyyətlərdə çox diqqətli olmalıdır.

Xüsusilə Almaniya təmsilçisində cinahlarda oynayan futbolçuların çox sürətli keçidləri fonunda komandamız müdafiə xəttində daha diqqətli olmalıdır.

"Qarabağ"da sağ və sol cinah müdafiəçiləri rəqibin hücumları zamanı mərkəzə doğru çəkilərək boş zona buraxmamalıdır.

Futbolçularının ümumi dəyəri 150 milyon avrodan çox olan "Frayburq" doğma meydan amilini də nəzərə alaraq ilk yarım saat ərzində oyunu meydançanın "Qarabağ"a aid hissəsində keçirərək daha erkən qol vurmağa çalışacaq ki, qarşılaşmaya nəzarəti tam ələ almaq imkanı qazansın.

Bunun qarşısını almaq üçün isə mütləq həm toplu, həm də topsuz oyunda hazırlıqlı, ötürmələrdə daha sürətli olmaq lazımdır.

Frayburqun eyniadlı klubu hücumlar zamanı 6-7 nəfərlə çoxala bilirlər. Qeyd edək ki, Kristian Ştrayxın baş məşqçisi olduğu komandada Rolan Şallainin olmaması böyük üstünlükdür.

Çünki 2-ci və 3-cü zonaya keçid oyununda daha sürətli və texnikalı olan futbolçuya qarşı mübarizə aparmaq çətin olacaqdı.

Amma bütün bunlara baxmayaraq, hücumda Nils Petersen kimi də təhlükəli və hava toplarında sərrast olan hücumçuları da var.

4-4-2 oyun formatına üstünlük verən Almaniya klubu matç içərisində gedişata görə 4-2-2-2 sisteminə də keçə bilir.

Hücuma keçidlərdə 2-3-5 oyun planına da üstünlük verilir. "Frayburq" meydançada oyunçu paylaşımı, mövqe seçimi və sığortalamasını mükəmməl həyata keçirir.

Xüsusilə komandada sağ və sol cinah müdafiəçiləri ilə mərkəz müdafiəçiləri arasında boş zonanı blok etmək kifayət qədər yaxşı alınır.

Lakin top rəqibdə olarkən komanda şəklində topun olduğu zonaya çəkilməsi nəticəsində cinahlar boş qalır. Bundan istifadə etməklə uzun diaqonal ötürmələrlə "Frayburq"u azlıqda yaxalamaq olar.

Xüsusilə komandamızın heyətində Marko Yankoviçin bu keçid oyunlarında performansı daha çox olmalıdır. Bu ötürmələr fonunda Zubir və Kadiyə yaxşı fürsətlər yarana bilər.

Unutmayaq ki, Qara Qarayevlə Yankoviç bir-birilərini çox yaxşı idarə etməlidirlər. Meydanda dağıdıcı funksiyanı yerinə yetirən Qara qazandığı topu tez bir zamanda Ozobiç və ya Yankoviçə çatdırmalıdır.

Monteneqrolu yarımmüdafiəçinin meydanda olmağı 3-cü zonada həm Kadi, həm də Zubir üçün əlavə üstünlüklər qazandırır. Belə ki, top rəqibdə olarkən 1-ci və ya 2-ci zonada bu oyunçuların üzərilərinə yük çox da düşmür.

Əlavə edək ki, davamlı pressinq edən, qısa ötürmələrə üstünlük verən Almaniya klubu standart vəziyyətlərdə təhlükəlidir. Bu zaman Vinçenso Qrifonun uzaqdan qapını nişan alan təhlükəli zərbələri var.

Lakin qapıçıları Mark Flenkenin uzaqdan vurulan zərbələr zamanı topa reaksiyası da istənilən səviyyədə deyil. "Qarabağ"da Ozobiç bu fonda uzaqdan zərbələri ilə komandamıza qol imkanları yaratmaq potensialına malik ola bilər.

Kristian Günterin cinahlardan etdiyi uzun ötürmələr zamanı qapıçımız Şahruddin daha çox diqqətli olmalıdır.

Çünki bu çıxışlarda adətən kobud səhvlərlə yadda qalan millimizin üzvünə bu barədə məşqçilər korpusu tərəfindən ciddi tövsiyələr olmalıdır.

Hücumda ikili mübarizələrdə daha çevik görünən Mixael Qriqoriçə qarşı mərkəz müdafiəçilərimiz daha təmkinli, kobudluğa yol vermədən mübarizə aparmalıdırlar. Çünki ani toxunuş qapımıza penaltinin təyin olunması ilə yadda qala bilər.

Ağdam təmsilçisi rəqibin tempini aşağı salmaq üçün daha çox qısa ötürmələrə üstünlük verməlidir. Daha yüksək fiziki hazırlığın tələb olunduğu oyun planı fonunda rəqibə boş zona yaratmamağa çalışılmalıdır.

Bu oyun planı işə düşərsə, komandamız rəqibə qarşı üstünlük əldə edə bilər. Abdulla Zubirin tez-tez cinahları dəyişməsi də komandamızın lehinə ola bilər.

Amma unutmayaq ki, İbrahima Vadjinin komandanı tərk etməsindən sonra bu zonada xüsusilə topsuz oyunlarda rəqib müdafiəçiləri üzərinə çəkməsini Ramil Şeydayevlə Ovusu yerinə yetirə biləcəklərmi?

Hər halda bu matç komandamız üçün çox çətin sınaqdır. Amma ümid edirik ki, "Qarabağ" "Frayburq"a asan təslim olmayacaq.

Uğurlar, "Qarabağ"! ("Azərbaycan")

Elçin CƏFƏROV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti