Bu gün “Qarabağ” Avropa arenasında yeni tarix yazmaq üçün yola çıxır.
G qrupunda mübarizə aparan təmsilçimizin ilk sınağı Frayburqda baş tutacaq.
Komanda bu şəhərin eyniadlı kollektivi ilə üz-üzə gələcək.
Almaniya təmsilçisi ilə dueldə tərəflərə zahiri baxış çox vahiməlidir.
Belə ki, “Qarabağ”ın illik büdcəsi heç 14 milyon avro olmadığı halda, rəqibdə bu rəqəm 150 milyon avrodur.
Almanların ən bahalı oyunçusunun qiyməti 18 milyon avrodur. Söhbət Avstriya millisinin də üzvü olan Fhilipp Lienhartdan gedir. Digər mərkəz müdafiəçisi Mattihas Ginterin də dəyəri bu qədərdir. O isə Almaniya millisinin üzvüdür.
“Qarabağ”ın ən bahalı statuslu oyunçusu da 1.2 milyon avro qiymətləndirilən Kadi Borgesdir. Ümumuiyyətlə, Kristian Ştrayxın əlinin altında Kadidən daha dəyərli 23 futbolçu var.
“Frayburq”un ən ucuz futbolçusu 300 min avro ilə Almaniya gənclər millisinin üzvü olan 21 yaşlı Kimberly Ezekvemdir. Komandada dəyəri milyondan aşağı olan digər oyunçuların sayı isə cəmi ikidir.
Təmsilçimizdə sifariş olunan 25 oyunçudan Abdullah Zubir və Kadi Borges xaric digərlərinin dəyəri bir milyondan aşağıdır.
“Frayburq” ən son bu yay Niko Sklotterbeki 20 milyon avroya Almaniya nəhəngi “Borussiya Dortmund”a satıb. Biz isə “köhlən atlar”ın İbrahima Vadjini 1.6 milyon avroya Fransa ikinci liqa təmsilçisi “Sent Etyen”ə satmasını bayram edirik. Çünki bu transfer nəinki “Qarabağ”, hətta Azərbaycan futbol tarixinin ən bahalı transferi hesab olunur.
“Frayburq” ən son etdiyi bahalı transferin dəyəri 8.5 milyon avrodur. Söhbət ötən ay heyətə cəlb edilən Yaponiya millisinin üzvü Ritsu Doandan gedir. “Ağdamlılar” isə ən son 350 min avroya Julio Romaonu heyətinə qatıb.
“Frayburq” son oyununda Bundesliqada Liverkuzen təmsilçisi “Bayer”ə səfərdə qalib gələrək (3-2) liderliyə yüksəlibsə, “Qarabağ” Gəncə təmsilçisi “Kəpəz”lə Qəbələdə baş tutan səfər matçında gülən tərəf olub – 1:0.
"Frayburq"un son çempionat görüşün 27 minə yaxın tamaşaçı izləyibsə, "Qarabağ"da bu göstərici 500 nəfər olub.
Bir söz, sadalanan bütün müqayisələrdə “Qarabağ” rəqibi qarşısında nə qədər acı olsa da çox zəif görünür. Tək ümid verən isə komandamızın zəngin Avropa təcrübəsinə sahib olmasıdır. Belə ki, avrokuboklarda cəmi 16 matç keçirən rəqibdən fərqli olaraq Ağdam klubunda bu say kifayət qədər yüksəkdir – 150 matç.
Ümid edək ki, məhz Qurban Qurbanovun komandasının yeganə üstünlüyü axşamkı qarşılaşmada bütün zəiflikləri kölgədə qoya biləcək. Çətindir, amma ümid və dua etməkdən başqa çarə yoxdur.
XANOĞLAN / SPORTİNFO.AZ

