"Kəpəz"ə bir "toy" tutsun ki... Haradasan, ay Sevda?!

5 Sentyabr 2022 09:40 Gündəm 3 120
"Kəpəz"ə bir "toy" tutsun ki... Haradasan, ay Sevda?!

«Kəpəz» yeni seçimini dünən etdi və… yığışdan çıxıb, yağmura düşdü.

Hələ təzə-təzədir, Tərlan Əhmədovu görəvə gətirməklə nə boyda yanlışlığa yol verdiklərini bilmir və hiss etmirlər.

Bir müddət ötsün qoy. Dizləri qala-qaoa başlarına döyəcəklər. Yaşar Vahabzadə onun yanında toya getməli olacaq, keçmiş baş məşqçinin ölənlərinə rəhmət oxuyacaqlar.

Haradasan, ay Sevda?!

«Qayınana» yenidən çəkilsəydi, «Kəpəz»in köhnə idman direktoru və İdarə Heyətinin yeni sədri İlqar Nadiriyə məşhur filmdə əsas rolu tapşırmaq olardı.

Tərlan Əhmədov ona futbolun «incəliklərini» bir-bir başa salsın, onda ondan soruşarıq nə var, nə yox?

Tərlan Əhmədovla bir tanış olan sevinir, bir də sağollaşan. Xarakteri ziddiyətli və təzadlıdır. Bayram aşını heç vaxt axıradək yeməz.

O olan yerdə həmişə qalmaqal, söz-söhbət var. Belə sakit görünməsinə aldanmayın, bibi canı, çömçə-qaşığı heç vaxt əlindən yerə qoymaz.

Klubda kim çalışırsa, hamısını bir-birinə qatacaq. Qaşınmayan yerdən qan çıxarmaq adətidir. AZAL-da bu yolla gedib, «Neftçi» və «Şamaxı»da da.

Nadiriyə kim onu məsləhət görübsə, «Kəpəz»in bir nömrəli düşmənidir. Komandanı düzəltməsini istəyirlər, amma əvvəlcə adamın özünü düzəltməsi lazımdır.

Tərlan Əhmədov «Neftçi» və «Şamaxı»ya bürünc medalları necə qazandırıb, bunu onunla işləyənlərin hamısı çox gözəl bilir.

Bu kəs kölgəsindən də xoflanandır. Mehman Babayevi, Rəşad Sadiqovu, Rail Məlikovu dindirsələr, görün, ondan nələr deyərlər!

Tərlan Əhmədovun məşq keçməyə savadı çatır. Pis də bacarmır bunu. İlk vaxtlar düşərgədə hər kəslə «can» deyib, danışacaq.

Bir-iki oyun udandan sonra isə gözü ayağının altını görməyəcək, dəyişəcək, başqalarına yuxarıdan-aşağı baxacaq. Rəhbəri də, futbolçunu da saymayacaq, oturuş-duruşu ilə «mən-mən» söyləyəcək.

Ondan o qədər şeylər yazmaq olar ki… Nə isə… «Kəpəz» adına keçmiş olsun.

KAMİL

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti