Ölkənin ən sevilən məşqçisi Qurban Qurbanov “Hatayspor”un ardınca “Ximki”nin təklifini də qəbul etmədi.
Təcrübəli çalışdırıcı Rusiya Premyer Liqasında mübarizə aparan klubun səhmdarlarından olan azərbyacanlı iş adamı Tufan Sadıqovun irəli sürdüyü təklifi geri çevirməklə “Qarabağ”da qalmağın məqsədəuyğun olduğunu göstərmiş oldu.
Maraqlıdır, “Ximki”də çalışmaqla Rusiyanın adlı-sanlı komandalarına qarşı oynamaq Qurbanovun təcrübəsini artıra bilərdi?
Bu ölkədə məşqçi kimi çalışmaq Azərbaycanın ən titullu məşqçisinə nə qazandırardı? Ümumiyyətlə, Qurban bəy bu qərarı verməklə düz etdi?
Bu və digər suallara cavabı vaxtilə futbolçu kimi “Ximki”nin kapitan sarğısını daşımış, sonradan məşqçi kimi bu komandada çalışmış Emin Ağayevlə söhbətdə aldıq.
Millimizin sabiq müdafiəçisi Qurban Qurbanovun doğru seçim etdiyini bildirdi:
“Ximki”nin seleksiya işləri ilə məşğul olan rəsmiləri ilə əlaqəm yaxşıdır. Açığı, Spartak Qoqniyevin baş məşqçi postuna gətiriləcəyini bir neçə gün əvvəldən bilirdim.
Qurban Qurbanovla bağlı xəbəri isə öncə Rusiya mətbuatında oxudum, daha sonra Azərbaycan mətbuatında qarşıma çıxdı.
Qurban üçün ölkə xaricində işləmək böyük təcrübə olar. Amma söhbət komandanın adından gedirsə, bu, “Ximki” deyil.
Moskva “Spartak”ı, yaxud ÇSKA olsaydı, hə, bu başqa məsələ. Açıq danışsaq, “Ximki” Qurbanın səviyyəsinə görə deyil.
“Ximki” mənə doğma klubdur. Futbolçu kimi oynamışam, məşqçi kimi işləmişəm. Mən düzgün danışmağı sevən adamam.
Qurban təklifi geri çevirməklə doğru qərar verdi. Həm də rəhbərliyin özünəməxsus xarakteri var, kaprizləri çoxdur. Qurban hər şeyi yaxşı görür, bilir və qərar verməyi də bacarır.
Fürsətdən istifadə edib “Qarabağ”a Avropa Liqasında uğurlar arzulayıram”.
Mövsümə uğursuz başlayan “Ximki” Sergey Yuranı, ardınca Nikolay Pisarevi istefaya göndərərək yerinə Spartak Qoqniyevi gətirib.
HƏBİB / SPORTİNFO.AZ

