Turun prinsipial və maraqlı qarşılaşmalarından biri Gəncədə baş tutacaq.
Oktyabrın 29-da “Səbail“ səfərdə ”Kəpəz”in qonağı olacaq.
Tərlan Əhmədovun gəlişlindən sonra turnir cədvəlindəki vəziyyəti nisbətən düzələn qərb təmsilçisi növbəti xal(lar)ın həvəsindədir.
90 dəqiqənin sonunda hansı komandanın sevinəcəyini zaman göstərəcək.
Oyuna xüsusi rəng qatan məqam “Səbail”in baş məşqçi postunda Mahmud Qurbanovun yer almasıdır. Qurbanovun Gəncə futbol məktəbinin yetirməsini olduğunu və karyerasının ən gözəl illərini məhz “Kəpəz”də keçirdiyini bilməyən yoxdur.
Gələn il 50 yaşını tamamlayacaq mütəxəssisin məşqçilikdə ilk addımlarını da doğma komandasında atdığını deməliyik.
Daha doğrusu, Premyer Liqada baş məşqçi kimi siftəni “Kəpəz”də edib. 2012-ci ilin iyununda “sükan” arxasına keçən Mahmud bəy 2013-ün mayına kimi “sarı-göylər”i çalışdırsa da, uğurlu ola bilməmişdi. 2012/13 mövsümünün yekununda Gəncə təmsilçisi “Turan”la birgə Birinci Diviziona yuvarlanmışdı.
Mahmud Qurbanovun futbolçu, məşqçi və insan kimi Gəncədə kifayət qədər sevildiyi mütləq qeyd olunmalıdır.
Doğma şəhərini illər öncə tərk edib Bakıda yaşamağa qərar versə də, Nizami yurdunda ona böyük rəğbət bəsləyirlər.
Təsadüfi deyil ki, hər dəfə “Kəpəz”də baş məşqçi postu boşalanda, ilk namizədlərdən biri kimi Qurbanov göstərilir.
Elə bu ilin mayında “sarı-göylər”in Premyer Liqada iştirakına icazə verilməsi ilə bağlı xəbər yayılan kimi də əsas namizədlərdən biri məhz Mahmud Qurbanov idi.
Hə, gəncəlilərin sevimli “7 nömrə”si illər sonra doğma diyarına rəqib qismində ayaq basacaq. Hər nə qədər qəribə səslənsə də, o, bu dəfə “Səbail”in baş məşqçisi kimi “Kəpəz”in məğlubiyyətini arzulayacaq.
Məgər futbolun ləzzəti də bu deyilmi?
Bu gün baş tutacaq “Kəpəz” – “Səbail” oyunu saat 15:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

