Yığmamızın lideri pul yığmır: “Başa düşə bilmirdim ki…

27 Fevral 2020 21:10 Güləş 1 076
Yığmamızın lideri pul yığmır:  “Başa düşə bilmirdim ki…

Azərbaycan yığmasının güləşçisi Mariya Stadnik Ukrayna mətbuatına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, ikiqat dünya çempionu və üçqat olimpiya mükafatçısı karyerası, ailəsi və planları barədə danışıb.

- Güləşə necə gəldiniz?
- Mən əslən kiçik kənddənəm ki, burada cəmi iki bölmə var idi: rəqs və güləş. Əvvəl özümü rəqslərdə sınadım. Sonradan uşaqlar məni güləş məşqlərinə dəvət etdilər. Gəldim, hazırlıq keçdim, məşqçi məni təriflədi. Bax beləcə mənim bu idman növündəki karyeram başladı.

- Azərbaycan yığmasına keçidiniz barədə danışardınız...
- Bu yığmada hələ 2007-ci ildən çıxış edirəm. Həmin vaxt Ukrayna millisi ilə mənim maraqlarım fərqli idi və münaqişə yaranmışdı. Yığmanın prioriteti başqa ukraynalı güləşçi idi. Mənə gözləməyi təklif etdilər ki, bunu heç istəmirdim. Həmin vaxt Azərbaycan millisi qızlar toplayırdı və mənə keçib bu ölkədən çıxış etmək təklif olundu. Yaxşı ölçüb-biçib razılaşdım. Demək olar ki, bütün böyüklər arasındakı karyeram boyu məhz Azərbaycan idmançısı kimi çıxış etmişəm.

- Əgər yığmadakı bu vəziyyət olmasaydı, Ukrayna millisində çıxış edərdiniz?
- Əlbəttə.

- Bu idman növündə ən çox nədən xoşumuz gəlir?
- İstənilən idman növü intizamdır. Sənin ona doğru can atdığın hədəfin və böyük motivasiyan var.

- Məşqlərdə tez-tez futbol oynayırsınız. Bu sizə necə kömək edir?
- Qadın güləşində bu cür yanaşma isinmə hərəkətinin əvəzinədir. Uzun illər boyu eyni isinmə hərəkətlərini təkrar etmək üçün həmin istək yoxdur. Buna görə də futbol oynayanda həvəs yaranır ki, məşqləri davam etdirəsən.

- 50 kq çəki dərəcəsində mübarizə aparırsınız. Bu möhtəşəm formanı necə saxlayırsınız?
- Biz çox məşq edirik, az güc sərfiyyatına yol vermirik. Orqanizmə bərpa lazımdır, buna görə qidalanmağı sevirəm. Həmişə düzgün yediyimiz deməzdim, amma çalışıram faydalı qidalanım. Yarış öncəsi son üç həftədəki hazırlıq dövründə az yeməyə çalışıram, yemək rasionumda daha çox enerji verən qidalar artır. Amma “Makdonalds”a yollanmağı sevirəm.

- Qazandığınız medallardan hansı daha ağır əldə olunub?
- Psixoloji baxımdan son dünya çempionatındakı.

- Görüşə mənəvi olaraq necə hazırlaşırsınız?
- Karyeranın əvvəlində hamıda həyəcan olur. Daha çox məşq etdikcə, yarışdıqca bu həyəcan itir və əlavə gücə çevrilir. O, məni daha da toparlanmağa məcbur edir.

- Xalçaya çıxmazdan öncə hansısa hərəkəti etmək kimi inancınız varmı?
- Kiçik yaşlarımda var idi. Eyni corabda, güləş geyimində gəzirdim. Bir dəfə “xoşbəxt triko”mu geyindim və uduzdum. Çox üzgün idim, başa düşə bilmirdim ki, niyə o mənə qalib gəlməkdə kömək etməyib. İndi bütün bunlar yoxdur. Başa düşürəm ki, xalçaya “xoşbəxt triko” deyil, mən çıxıram. Əsas odur ki, əllərim və başım işləməlidir.

- Kolleksiyanızda çox sayda medal var. Onu hansı mükafatlarla zənginləşdirmək istəyərdiniz?
- Bəli, nailiyyətlər az deyil. Bütün medallarım zənbildə toplanıb. Onları çəkməyə dəyər. Daha bir dəfə dünya çempionu olsam, üçqat sahibinə çevriləcəm. Əsas hədəfim olimpiya qızılıdır. Səbətimi məhz onunla tamamlamaq istəyirəm.

- Hər Olimpiadadan sonra karyeranızı bitirəcəyinizi deyir, amma sonra yenidən xalçaya çıxırsımız. Yeni güc və motivasiyanı hardan tapırsınız?
- Bir motivasiyam qalıb. Hər Olimpiadadan sonra qızılım yoxdur. Öz-özümə zarafat edirəm ki, bəlkə elə ona görə qızıl qazana bilmirəm ki, karyeramı başa vurmayım.

- Bu yaxınlarda finalda ukraynalı Oksana Livaçla qarşılaşdınız. Həmyerlilərinizlə üz-üzə gəlmək prinsipiallıq daşıyır?
- Yox. Psixoloji baxımdan köklənmək lazım gəlir. Biz bir yerdə məşq edirik. Oksana mənim həyat yoldaşım Andreyin yetirməsidir. Mən hətta onun doğma bacısı ilə də güləşmişəm. Bu, psixoloji gərginlik yaradır. Amma fərqli ölkələri təmsil edirik. Şikayətlənə bilmərik. Əgər asan qələbə qazanmaq, rəqibi kiçik hesabla məğlub etmək, yavaş yıxmaq istəyəndə əksi olur.

- Belə qarşılaşmalardan sonra rəqibinizdən üzr istəyirsiniz?
- Yox. Bu idmandır. Axı küçədə döyməmişəm ki.

- Azərbaycanda olimpiya medalına görə dövlətin vəd etdiyi mükafatı almaqla bağlı problem olubmu?
- Azərbaycanda mənim belə problemim olmayıb. Bəlkə də ona görə ki, mən hər il yaxşı nəticələr göstərirəm. İndi maliyyə vəziyyəti bir az ağırdır. Amma mən heç vaxt problem hiss etməmişəm. Əslində, bu amil idmançı üçün böyük rol oynayır. Heç vaxt pul barədə düşünmürəm ki, idman geyimini, vitaminləri, başqa şeyləri nə ilə alacağam. Mənim vəzifəm məşq etməkdir. Əsas maliyyə problemləri isə mənim işim deyil.

- Bu, idmançının əsas qazancıdır. Sponsorlardan müqavilə təklifləri var?
- Əvvəl güləş hobbi kimi idi. İndi sevimli işdir ki, pul və zövq verir. Sponsor müqavilələrim yoxdur. Mən superməşhur deyiləm. Bəlkə də Azərbaycanda daha çox olsaydım, təkliflər də yaranardı. Amma mən orda çox az-az oluram.

- Yığmada Ukraynada belə çox yaşamağınızla bağlı heç nə demirlər?
- Mənim səbəblərim var. Birincisi, çünki uşaqlarım var. İkincisi, mən böyük, hazır idmançıyam. Ukraynada mənim sınaqçı rəqiblərim, məşq və yaxşı nəticələr üçün lazım olan hər şey var.

- Ailənizlə Azərbaycana köçmək barədə düşünməmisiz?
- Ailə üçün Lvovda yaşamaq rahatdır. Lazım olanda uşaqlara anam baxır. Mən Lvovda özüm üçün sakit məşq keçirəm. Yaşamağa başqa ölkəyə köçmək ailə üçün çətin hadisə olardı. Uyğunlaşmağa ən azı 2-3 il lazım gələrdi.

- Azərbaycanda məşqçi kimi qalmağı planlaşdırırsınız?
- Mən indi məşq edirəm və idmançı kimi hər şeyə nail olmaq istəyirəm. Azərbaycandan belə təkliflər var. Mən bu sual barədə yaxşı düşünəcəyəm. Milli komandanın məşqçisi olmaq istəmirəm. Yalnız uşaqlara hazırlıq keçməyə üstünlük verirəm. Bütün idman karyeram boyu evdə çox olmamışam. Buna görə də uşaqlarım məni az görürlər. Yığmanın məşqçisi olmaq yenə eyni səfərlərdir. Mən güləşin inkişafı ilə məşğul olmaq istəyirəm. Amma bu da yerli səviyyədə olacaq ki, evdən uzun müddətə uzaq getməyim. Artıq uşaqlarım da böyüyür. Yəqin ki, tezliklə onlar da güləşəcəklər.

- Gənc idmançılara nə məsləhət görərdiniz?
- Bununla niyə məşğul olmalarını dərk etmələrini. Çox gənc idmançımız var ki, onların bunu istəmədiyi, sanki məcbur edildikləri təəssüratı yaranır. Onlar məşqçi və ya valideynləri üçün məşq etməməlidir. Əgər sən hasısa növlə məşğul olmağa başlamısansa, sağlamlığını və vaxtını sərf edirsənsə, mütləq bunu niyə etdiyini başa düşməlisən. Kimin üçün isə deyil, özün üçün məşğul olursan.

- Əksər idmançılar ana olmağa qorxur ki, bu, karyerasının sonu olar. Uğurlu karyera və ailə həyatı bir araya sığırmı?
- Həyat yoldaşım məşqçidir. Evdə idmanı müzakirə edirik, bizdə bu ailəvidir. Bunda qorxulu bir şey yoxdur. İstənilən sahədə çalışan qadınlar ana olur və sonra işinə qayıdır. İdman da mənim işimdir. Qadınlar hər şeyi bir araya sığışdıra bilir.

- Güləşçinin karyerasında optimal yaş necədir?
- Hər idmançıda fərdidir. Sən 20 yaşında bir dağ boyda zədə ilə ola bilərsən ki, heç davam etməkdə məna yoxdur. 31 yaşında özündə çox güc və enerji hiss edə də bilərsən. Prinsipcə, optimal yaş 32-33-dür. Daha ağır çəkilərdə yaş daha artıq ola da bilər. Çünki orda güləş tempi daha sakit tərzdədir. Olimpiadada güləşçilərdən biri 39, ya 40 yaşında mükafat qazandı. Mənim çəkimdə də 37 yaşlı polşalı var. Bəzən daha təcrübəli yaşlı idmançılar gənclərdən də enerjili olur.

- Həyatda sizi dəyişən üç şəxs kimdir?
- Məşqçilərimdən biri Orest Kobelski. Uzun müddət onun rəhbərliyi altında məşq etmişəm. Düşüncəmdə çox şeyi dəyişən həyat yoldaşım və uşaqlarım.

- Həyatda nəyisə almaq üçün pul yığırsınızmı?
- Yığmıram. Mənim üçün nəsə stimul deyil ki, onu almaq üçün pul yığım.

- Alış-verişdəki zəifliyiniz nədir?
- Bütün qızlar kimi, ətək dalınca gedib, papaq və əlcək alıram. Mən alış-verişin böyük iştirakçısı deyiləm. Amma əhval-ruhiyyəm pis olanda mağazaları gəzirəm. Həmçinin tikiş tikməyi sevirəm. Amma bu, ancaq toplanışlarda məşqlər arası fasilədə olur. Evdə isə ümumiyyətlə vaxt yoxdur. Bu, mənim antidepresantımdır.

- Küçədə sizi tanıyırlar? Qara eynəkdə gəzmirsiniz ki?
- Eynəklə gəzmirəm. Ukraynada tanımırlar. Azərbaycanda isə tanıyırlar. Ölkədə güləş populyardır. Mən də Azərbaycanın güləşdəki ən məşhur təmsilçilərindənəm. Düzdür, güləş zamanı saç düzümümdə etdiyim hörüksüz olanda tanımırlar. Masajçımızın ad günü üçün mağazadan gül alanda satıcı ilə danışdım. O dedi ki, məni tanımayıb. Televizorda zalım göründüyümü, həyatda olmadığım kimi təsir bağışladığımı bildirdi. Amma mən xalça üzərində də həyatdakı kimi olsaydım, çoxdan kürəyi üstə uzanar və gülərdim.

Digər Xəbərlər
Xəbər Lenti