"Yarım saatın içində qərarı dəyişdirdim, günah hakimdə yox, Hacıda idi"

10 Dekabr 2019 09:23 Güləş 825
"Yarım saatın içində qərarı dəyişdirdim, günah hakimdə yox, Hacıda idi"

Sportinfo.az Azərbaycan Güləş Federasiyasının (ACF) prezident əvəzi Namiq Əliyevin müsahibəsini təqdim edir.

- Başa çatan ölkə çempionatını necə dəyərələndirirsiniz?

- Yarış bizim üçün çox önəmli idi. Gələn il olimpiadaya lisenziya turnirləri olacaq. 19 - 22 martda Macarıstanın paytaxtı Budapeştdə Avropa Təsnifat Turniri, 30 aprel - 3 mayda isə Bolqarıstanın paytaxtı Sofiyada Dünya Təsnifat Turniri keçiriləcək. Təəssüf ki, bəzi idmançılarımız zədəli olduqları üçün Azərbaycan çempionatında çıxış edə bilmədilər. Buna rəğmən, çox gərgin mübarizə oldu və bir çox çəkidə yeni gənc simalar gördük. Artıq milli komandaların təlim-məşq toplanışları başlayır. Yanvarın 10-da İstanbulda Yaşar Doğunun xatirəsinə həsr olunmuş ənənəvi turnir start götürəcək. Ölkə çempionatında qalib gələnlərin çoxunu orada sınayacağıq. Digər qaliblər isə 10 – 16 fevralda İtaliyanın paytaxtı Romada Avropa çempionatlna qatılacaqlar.

- Bu yaxınlarda lisenziya sayında sizin üçün kəmiyyətin deyil, keyfiyyətin önəmli olduğunu söyləmişdiniz. Azərbaycan 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 14 güləşçi ilə təmsil olunmuşdusa, hazırda yalnız sərbəst güləşçi Şərif Şərifov (97 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) olimpiadaya vəsiqə qazanıb. Belə çıxır ki, “Tokio-2020”də əvvəlki qədər güləşçi görməyəcəyik?

- Rio-de-Janeyroya yollanan 14 güləşçimizdən 9-u medal qazanmışdı. Bu, böyük göstərici idi. İndi lisenziya qazanacaq pəhləvanlarımız Tokioda da etimadı doğruldacaqsa, niyə də olmasın? Olimpiadaya əvvəlkindən də artıq lisenziya ilə qatıla bilərik. Olimpiadada hər çəkidə iştirakçıların sayı 21-dən 16-ya endirilib. Çox çətin mübarizə gedəcək. Üç görüşdə qalib gələn güləşçi finala çıxacaq. Bu baxımdan yol qısalsa da, rəqabət böyük olacaq. Bunu Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında da gördük. Güləşçilərimiz qarşıdakı yarışlarda lisenziya götürə biləcəklər. Hə, ola bilər ki, say əvvəlkindən 1 – 2 nəfər az olsun, amma bu baxımdan böyük itki verəcəyimizi düşünmürəm.

- Düşünmürsünüzmü ki, builki Azərbaycan çempionatında ajiotaj əvvəlkilərə nisbətən daha aşağı oldu?

- Niyə? İlk iki yarış günündə zal dolu idi. Son yarış günündə mübarizələrə daha erkən start verildi. Ola bilsin, bu səbəbdən az tamaşaçı var idi. Rusiyaya "ALROSA Kuboku"na göndərdiyimiz 5 güləşçi ölkə çempionatına qatılmadı, Hacı Əliyev (65 kq) də orada idi. Bəziləri zədə üzündən çıxış etmədilər. Ümumən götürsək, maraqlı görüşlər oldu. "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (57 kq) gənc idmançıya uduzdu. Bu, doğrudan da sensasiyadır. Yarış çox baxımlı keçdi, ajiotajın olmadığını söyləmək olmaz. Böyük diqqət var, azarkeşlər maraqlanır. Bu da bizi sevindirir. İkinci yarış gününə gələndə baxdım ki, maşın saxlamağa yer də yoxdur.

- Yeni baş məşqçilər barədə fikirləriniz necədir? Xüsusən də sərbəst güləşdə yeni bir simanın təyinatı gözlənilsə də, Zəlimxan Hüseynov məşqçi əvəzi kimi təsdiqləndi...

- Bunun müəyyən subyektiv və obyektiv səbəbləri var. Qarşıdan lisenziya tuirnirləri gəlir. Qərar gəldik ki, baş məşqçi təyinatının ab-havaya böyük təsiri olmasın. Avropa və Dünya Təsnifat turnirlərinə bu heyətlə getməyi məqsədəuyğun saydıq. Kifayət qədər uzun müddətdir ki, bir yerdə işləyirik, bir-birimizi tanıyırıq. Eksperimentə ehtiyac görmədik. Çünki qarşıda lisenziya yarışları var. Əsas saydığımız çəkilərdə lisenziyaları əldə edəcəyimizə inanıram. Yunan-Roma yığmasında da nizam-intizam məsələlərində irəliləyişlər var, çox razıyıq. Yeni baş məşqçi Aleksandr Tarakanovun rəhbərlik etdiyi kollektiv rusiyalı idmançılarla təlim-məşq toplanışında idi. Hazırlıq prosesləri davam edəcək. Bütün komandalardan lisenziyalar gözləyirik. Hər şeyi xalça göstərəcək.

- Artıq sizi ACF-nin prezidenti kimi təqdim etmək olar? Sentybarda Nur-Sultanda keçirilmiş dünya çempionatında bu məsələnin yaxın vaxtlarda həllini tapacağını söyləmişdiniz...

- Başımız digər işlərə qarışıb (gülür). Bütün dünya neçə ildir elə bilir ki, federasiya prezidenti mənəm. Dünya Güləş Birliyinin Büro üzvüyəm, Fazil Məmmədov prezident olanda da, olmayanda da mənə federasiya prezidenti kimi müraciət edirdilər. Texniki məsələdir, ona heç baxmırıq da. Əsas Tokio-2020 Yay Olimpiya Oyunlarıdır.

- Nur-Sultanda olduğu kimi, Tokioda da hakimliklə bağlı problemlər gözləyirsiniz?

- Hakimliklə bağlı problem hər yerdə var. Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında keçirilmiş dünya çempionatında baş verənlər haqda demişdim. Gənc hakim 10-15 minlik zala çıxır, psixoloji çətinlik olur. Bəlkə də səhvi bilərəkdən etmir. Ona görə də Azərbaycan çempionatına bir sıra təcrübəli hakim dəvət etmişdik. Hakimlərlə problem olmayacağına heç kim 100 faiz zəmanət verə bilməz. İdmançı gərək o qədər qüvvətli ola ki, bu problemin ona təsiri qalmasın. Hər şeyi hakimin üstünə atmaq düzgün deyil. Güləş qaydaları dəyişir, bunları vaxtında bilmək, düzgün riayət etmək lazımdır. Sadəcə, çoxu qaydanı bilmir, "Filan şey bir ay qabaq belə idi, indi fərqlidir" deyirlər. Bununla bağlı seminarlar təşkil edilir. Lakin seminarlara da məsuliyyətlə yanaşmaq lazımdır. Gərək yatmayasan, qulaq asasan (gülür).

- Hacı Əliyevin dünya çempionatında hakimliklə bağlı problemlə üzləşməsinə münasibət bildirməmişdiniz. Doğrudanmı rusiyalı Hacımurad Rəşidovla görüşdə ona qarşı haqsızlıq olmuşdu?

- Orda elə bir şey yox idi. O da elə qaydaları bilməməkdən irəli gəlir. Yeni qaydalara görə son hərəkəti kim edibsə, xal da ona verilir. Azərbaycan çempionatında da oxşar hal oldu, rəqibini kürəyinin üstündən atdı, ancaq xalı üstdə olan güləşçiyə verdilər. Hacı ilə görüşdə son hərəkəti rusiyalı etdiyi üçün xalı da ona verdilər. Bu da normaldır.

- Yəni, düzgün qərardır?

- Tam düzgündür. Məsələ həmin görüşün ertəsi Hakimlər Kollegiyasında müzakirə olundu. Daha sonra büronun iclasında məsələni qaldırdım. Sadəcə, Hacının hərəkətləri və qırmızı vərəqə alması... Nur-Sultanda Şərif Şərifovu finalda məğlub etmiş Abdulrəşid Sadulayev Şeyx Şamilin portreti olan futbolkasını nümayiş etdirdiyi üçün 4 aylıq diskvalifikasiya olundu. Hacını da cəzalandırmışdılar. Amma mən yarım saatın içində qərarı dəyişdirdim. İndiyədək belə bir şey heç vaxt olmamışdı. Rusiya yığmasının baş məşqçisi Cambolat Tedeyev döşəyə çıxıb hakimi söydüyü üçün 1 illik cəzalandırmışdılar. Yəni, Qazaxıstanda kiminsə bizə təsir etməsi, haqqımızı əlimizdən alması ola bilməz, mümkün deyil! Çünki nüfuzumuz var. Sadəcə, bunu idmançı da baş düşməli, belə hərəkətlərə yol verməməlidir. Hər şey bir neçə saniyənin içində həll olundu. Birincisi, rəqibinə bu xalı niyə verirsən? Udursan da... Niyə sona 20 saniyə qalmış 3 xallıq fəndə düşürsən? Bayaq Azərbaycan çempionatında da analoji hadisə baş verdi. Sona 7 saniyə qalmış döşəkdən qaçdığı üçün rəqibinə xal verildi və nəticədə özü məğlub oldu. Hər şeyə gərək obyektiv baxasan, subyektiv yanaşmaq olmur. "Bu, mənimkidir, bizimkidir" deməklə deyil. Başını sığallayırsan, gedir o biri yarışlarda da eyni səhvləri edir. Səhvini başa düşməlidir. Bu, hakimin yox, idmançının özünün səhvidir. Bunu başa düşməsə, anlamasa, sonra yenə problemlər yaranacaq. Hər şeyə düzgün, obyektiv qiymət verilməlidir. Səhv edən hakim varsa, cəzasını da alacaq. Mən Nur-Sultanda 5 hakimi qovdurdum. Doğrudan da bizə qarşı səhvlər etmişdilər. Sübut etdim ki, filan epizodlarda yanlış qərarlar verilib. Biri iranlı idi, qalanların xatırlamıram. Yol vermərik ki, bizə qarşı hansısa haqsızlıq olsun. Azərbaycan güləşinin dünyada nüfuzu var. Hər yerdə bizi güləş ölkəsi kimi hörmət-izzətlə qarşılayırlar. Siz hardasa eşidib-görmüsünüzmü ki, diskvalifikasiya olunmuş idmançının məsələsi 15 – 20 dəqiqəyə həll olunsun? Bu, bizim nüfuzumuzla bağlıdır. İdmançının “məni incitdilər” deməyi ilə deyil. Azərbaycan çempionatında bəlkə də 100 səhv oldu. Heç məşqçi də bilmir ki, “challenge” atsın, yoxsa atmasın. Lazım olmayan yerdə atır, lazım olanda yox. Olur belə şeylər (Report)...

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!