Sərbəst güləş üzrə milli komandamız dünya çempionatının keçirildiyi Qazaxıstanın paytaxtı Nur-Sultana baş məşqçisiz gedib.
Federasiyadan "Report"a verilən məlumata görə, Saypulla Absaidov mundial öncəsi postunu tərk edib.
Absaidov üçün təyyarəyə bilet alınsa da, özü kollektivlə birgə olmaq istəməyib. Federasiyanın sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov dağıstanlı mütəxəssisin addımını şərh etmək istəməyib.
Sportinfo.az-ın məlumatına görə, baş məşqçi ilə federasiya rəsmiləri arasında mübahisə yaranıb və bu səbəbdən o, yığmanın düşərgəsini tərk edib.
Heyət seçimi məsələsində Absaidovla federasiya rəhbərliyi arasında fikir ayrılığı yaranıb. Bunu işinə müdaxilə kimi qiymətləndirən Absaidov maliyyə şərtlərinin də vaxtında yerinə yetirilməməsini əsas gətirib.

