Azərbaycan güləş yığmaları Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi ilə növbəti dəfə təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Güləş Federasiyasından Sportinfo.az-a verilən məlumata görə, yunan-Roma və sərbəst güləş üzrə komandalar avqustun 12-dən Göygöl Olimpiya İdman Kompleksində növbəti hazırlığa start verib.
Toplanışda Qırğızıstanın yunan-Roma güləşi üzrə yığması da iştirak edir. Qadınlar isə bu gündən Türkiyə toplanışına başlayıb. Komanda Türkiyə yığmasıyla birgə Sarıyer şəhərində hazırlıq keçir.
Sərbəst və qadın güləşçilərin toplanışı avqustun 24-dək, yunan-Roma güləşçilərinin hazırlıq prosesi isə ayın 30-dək davam edəcək. Sentyabrın 14-dən 22-dək keçiriləcək Qazaxıstandakı mundial olimpiadaya lisenziya xarakteri daşıyır.

