Lənkəranda güləş festivalı

11 İyun 03:40 Güləş 204
Lənkəranda güləş festivalı

Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Lənkəran şəhərində yerləşən Heydər Əliyev Xatirə Parkında güləş festivalı keçirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə AGF-dən məlumat verilib.

Güləşin təbliği və təşviqi, sağlam həyat tərzinin aşılanması, uşaqların və gənclərin idmana marağının artırılması məqsədilə təşkil olunan tədbirdə AGF-nin baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, AGF-nin vitse-prezidenti Namiq Abdullayev, yunan-Roma güləşi üzrə ikiqat olimpiya mükafatçısı, dünya və Avropa çempionu, milli komandanın məşqçisi Rövşən Bayramov, olimpiya mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev, yunan-Roma güləşi üzrə dünya və Avropa mükafatçısı, U-15 milli komandasının böyük məşqçisi Taleh Məmmədov, sərbəst güləş üzrə Avropa çempionu, U-15 milli komandasının məşqçisi Əliabbas Rzazadə və digər rəsmi şəxslər iştirak ediblər.

Festival çərçivəsində açıq havada qurulmuş güləş xalçasında cənub bölgəsinin yeniyetmə və gənc güləşçiləri üçün ustad dərsləri təşkil olunub. Tanınmış idmançılar və məşqçilər iştirakçılarla öz təcrübələrini bölüşərək müxtəlif fəndləri nümayiş etdiriblər.

Tədbir iştirakçıları üçün maraqlı və əyləncəli proqram da hazırlanıb. Festival zamanı müxtəlif idman və əyləncə müsabiqələri keçirilib, "faceart" zonası fəaliyyət göstərib. Yerli sakinlər və gənc idmançılar məşhur güləşçilərlə görüşmək, onlardan avtoqraf almaq və xatirə şəkilləri çəkdirmək imkanı əldə ediblər.

Maraqla qarşılanan festival güləşin daha geniş auditoriyaya tanıdılması, sağlam həyat tərzinin təbliği və regionlarda idman fəallığının artırılması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilib.

Gələcəkdə ölkənin digər bölgələrində də analoji tədbirlərin təşkili nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti