Azərbaycanın qadın güləşçilərdən ibarət millisinin Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 3 medal qazanması böyük nəticədir.
Sportinfo.az xəbər verir ki, bunu yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.
O, komandanın ümumi çıxışından razı qaldığını və Ruzanna Məmmədovanın əzmkarlığını xüsusi qeyd edib:
"Favorit idmançılarımız var idi. Günay Qurbanova qızıl medal qazandı. Biz Ruzannadan da eyni nəticəni gözləyirdik. Üç ay əvvəl dizindən əməliyyat olunması onu müəyyən qədər geri salmışdı. Amma Ruzanna əsl idmançı xarakteri göstərərək Avropa çempionatında iştirak etmək üçün xalçaya vaxtından tez qayıtdı. Finalda çox gözəl güləşdi, sadəcə, ani bir səhv ucbatından qızıl medalın bir addımlığından döndü. Rəqibi də zəif deyildi, böyüklər arasında dünya çempionatının bürünc, U-23 Avropa çempionatının isə gümüş mükafatçısı idi. Tanınmış rəqib idi. Gültəkin Şirinova da bir çox zədədən sonra özünü sübut edərək medal qazandı və bizi sevindirdi".
T.Əsgərov qadın güləşində kütləvilik məsələsinə və federasiyanın bu istiqamətdəki fəaliyyətinə toxunub:
"Yarışa altı idmançı ilə qatılmışdıq. Qızlarda kütləvilik hələ oğlanlar səviyyəsində deyil. Federasiya rəhbərliyi sayın artırılması üçün müəyyən addımlar atır, işlər görür. Qısa zamanda əlimizdə nə qədər çox qız idmançı olsa, o qədər çox nəticə verərik. Amma ümumilikdə altı idmançı ilə üç - bir qızıl və iki gümüş medal qazanmaq böyük nəticədir".
Olimpiya çempionu həmçinin qarşıdakı Avropa çempionatı və olimpiya lisenziyası perspektivlərini dəyərləndirib:
"Albaniyada keçiriləcək böyüklər arasında çempionatına bir ay vaxtımız var. Bu müddətdə biri Bakıda, digəri xarici ölkələrdə başqa komandalarla birlikdə olmaqla iki güclü təlim-məşq toplanışı keçəcəyik. Ruzannanın daha inamlı olacağını, medal qazanacağını düşünürəm. O, sadəcə, 1 saniyəlik səhvə görə qızılı əldən verdi. Yüksək səviyyəli güləşçidir. Bunu da qeyd edim ki, hələ gənclər arasında yarışmaq üçün daha bir il vaxtı var. Amma ilk hədəfimiz böyüklər arasında yarışdır. Qızlarımızın olimpiya lisenziyası verilən yarışlarda iştirak etməsini istəyərdik. Olimpiya lisenziyası qazanmaq potensialına gəlincə, Jalə Əliyeva, Ruzanna Məmmədova və Günay Qurbanovanın şansları daha çoxdur. Əlbəttə, digər idmançılarımızın da haqqına girmək istəməzdim. Yay Olimpiya Oyunlarına hələ iki il var. Hər şey özlərinə inanmalarından, rejimindən və məşqçiləri, valideynləri eşitmələrindən asılıdır. Elnurə Məmmədova, Gültəkin Şirinova, Birgül Sultanova da potensiallı idmançılardır".
Azərbaycanın qadın güləşçiləri U-23 Avropa çempionatını 3 medalla başa vurublar. Günay Qurbanova (59 kq) Avropa çempionu olub. Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (62 kq) isə gümüş medal əldə ediblər.

