“Çempionluq arzum gerçəkləşmədi, bu, məni bir qədər geri saldı”

02:40 Güləş 57
“Çempionluq arzum gerçəkləşmədi, bu, məni bir qədər geri saldı”

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan Avropa çempionatında gümüş medal qazanan Azərbaycan güləşçisi Ruzanna Məmmədovanın (62 kq) məqsədi, əməliyyat olunmasına baxmayaraq, fəxri kürsüdə yer almaq olub.

Sportinfo.az xəbər verir ki, idmançı bunu final görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yalnız bir təlim-məşq toplanışında iştirak etdiyini bildirib:

"Yarış çox çətin keçdi. İki ay idi hazırlaşırdım. Dizimdən əməliyyat olunmuşdum.

Zədədən sonra ilk turnirim idi. Yalnız bir təlim-məşq toplanışında iştirak etmişdim.

Yüngül məşqlər edib yarışa qoşulmuşdum. Əməliyyat olunmağıma baxmayaraq, məqsədim burada medal qazanmaq, fəxri kürsüdə yer almaq idi.

Düzdür, çempionluq arzum gerçəkləşmədi. Bu turnirdə məni bir qədər geri salan amil diz əməliyyatı oldu.

Ümidvaram ki, növbəti yarışlarda daha yaxşı çıxış edəcəyəm".

Güləşçi növbəti hədəflərindən də danışıb:

"Böyüklər arasında Avropa çempionatında iştirak etməyi hədəfləyirəm. Yəqin ki, Albaniyada keçiriləcək turnirə qədər daha yaxşı hazırlaşıb, təlim-məşq toplanışında iştirak edəcəyəm. Təbii ki, böyüklər arasındakı yarış daha çətin olacaq".

R.Məmmədova finalda rusiyalı Amina Tandelovaya məğlub olaraq gümüş medal qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti