Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında iştirak edən Almaniyanın yunan-Roma güləşi yığmasının üzvü Luis Loy vaxtilə komanda yoldaşı olmuş Sakit Quliyevi (63 kq) çox bəyənir.
Sportinfo.az xəbər verir ki, bu barədə idmançı "report"un yarışa ezam olunan əməkdaşına açıqlamasında bildirib.
O, Azərbaycan idmançısı ilə Almaniyada komanda yoldaşı olduğunu söyləyib:
"Azərbaycan idmançılarından Sakit Quliyevi tanıyıram. O, ölkə çempionudur.
Biz onunla Almaniya Güləş Liqasında eyni komandada çıxış etmişik. Çox yaxşı idmançıdır, onu bəyənirəm. Digər azərbaycanlı güləşçilərlə qarşılaşmamışam".
O, turnirdəki şanslarını dəyərləndirib:
"1/4 finalda Belarus idmançısına uduzdum. İndi ümid edirəm ki, o, yarımfinalda qalib gələr və mən təsəlliverici görüşlərə qatılaram. Düşünürəm ki, hələ də mükafatçı olmaq şansım var".

