Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində üçüncü yeri tutan Azərbaycan güləşçisi Zəhra Kərimzadə (72 kq) növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz etməyi düşünür.
Sportinfo.az xəbər verir ki, bu barədə 18 yaşlı idmançı özü Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
O, yarışla bağlı təəssüratlarını bölüşüb:
“Böyüklər arasında keçirilən reytinq turnirində bürünc medal qazandığım üçün çox sevincli və qürurluyam. İlk görüşdə türkiyəli olimpiya mükafatçısı Buse Tosunla qarşılaşdım.
Məğlub olsam da, ruhdan düşmədim. Bürünc medal uğrunda Yaponiya təmsilçisiylə güləşdim.
Titullu rəqiblə qarşılaşacağımı bilirdim. Məşqçilərimiz məni psixoloji və taktiki cəhətdən görüşə yüksək səviyyədə hazırladı.
Onların verdiyi motivasiya nəticəsində qarşılaşmaya tam hazır oldum. Mübarizəmiz gərgin keçdi. Sona kimi güləşdim və qalib oldum.
Üzərimdə əziyyəti olan baş məşqçimizə, federasiyamıza və şəxsi məşqçimə təşəkkür edirəm. İnşallah, növbəti yarışlarda bürünc medalı qızıl medalla əvəz edərəm”.
2024-cü ildə yeniyetmələr arasında dünya və Avropa üçüncüsü olan Zəhra Kərimzadə ilk dəfə böyüklərin mübarizəsində fəxri kürsüyə qalxıb.
1/4 finalda olimpiya mükafatçısı, dünya və Avropa çempionu Buse Tosuna 0:2 hesabıyla məğlub olan Kərimzadə üçüncü yer uğrunda qarşılaşmada gənclər arasında dünya və böyüklər arasında Asiya çempionu Mahiro Yoşitakeyə (4:1) qalib gəldi.

