"Bu, indiyədək keçirilən ən mükəmməl Azərbaycan çempionatıdır”

03:20 Güləş 108
"Bu, indiyədək keçirilən ən mükəmməl Azərbaycan çempionatıdır”

"Güləş üzrə Azərbaycan çempionatı indiyədək ən mükəmməl formada təşkil olunmuş analoji yarış olub".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) yunan-Roma güləşi üzrə koordinatoru Rafiq Hüseynov deyib.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı ötən həftə baş tutan ölkə çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Yarış barədə onu deyə bilərəm ki, 31 illik güləşçi həyatımda gördüyüm ən mükəmməl formada təşkil olunmuş Azərbaycan çempionatı idi. Birincisi, texnoloji cəhətdən müxtəlif, fərqli innovasiyalar var idi. Eyni zamanda qaydalar və digər sadalaya biləcəyim məqamlar oldu. Məsələn, əvvəl çəkilər üzrə yarış 1 gün ərzində keçirilirdi. UWW-nin qaydası var idi ki, yarışlar çəkiyə görə 2 gündə yekunlaşsın. Yəni təsəlliverici və medal görüşləri növbəti gün keçirilir. Eyni zamanda müxtəlif rubrikalar var idi. Məsələn, azarkeşlər üçün ilk 3 yerə pul mükafatı verilən quiz yarışları keçirilirdi. Bu müsabiqə gündə 2 dəfə təşkil edildi və 2000 mükafat fondu var idi. "İrishcam", köynəklərin təsadüfi (random) qaydada paylanılması, işıq şousu, vizual effektlər - bunların hamısı azarkeşlərin yarışa gəlməsi üçün motivasiya xarakteri daşıyırdı. Eləcə də çəki prosesində kamera müşahidəsinin olması bu sahədə şəffaflığı tam təmin etdi. Arenada monitorların vizual olaraq görünüşü tam fərqli ab-hava yaradırdı".

AGF rəsmisi dünya və Avropa çempionu olmuş veteranların yarışa dəvət edildiyini xatırladıb:

"Buna görə onlara xüsusi bir tribuna ayırmışdıq. Yeniliklərdən biri də olimpiya çəkisində çempion olan güləşçiləri 2 qat mükafalandırmaq idi. Mənim kimi karyerasını başa vurmuş idmançılar, hakimlər və bölgə nümayəndələri təltif olundular. Bir sözlə, çoxsaylı yeniliklər var idi. Düşünürəm ki, bu yeniliklər özünü doğrultdu. Yarışın təşkilatçılığı, qonaqların qarşılanması və sair buna sübutdur. Güləşçilərin performansına gəlincə, sərbəst güləş üzə yığmada yer alan, bu növdə öz sözünü demiş liderlərin hamısı yarışda iştirak etdi. Yunan-Roma güləşində isə bir neçə idmançı üzrlü səbəbdən çempionatda çıxış edə bilmədi. Buna baxmayaraq, bu növdə də, demək olar ki, heyətin çoxusu yarışda idi. Ümid edirəm ki, qarşıdan gələn gənclər və yeniyetmələr arasında Azərbaycan çempionatı da bu səviyyədə təşkil olunacaq".

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 7-11-i aralığında Bakı İdman Sarayında təşkil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Yanvar 17:30 Çək və bizə göndər!