COP29

“Qələbə üçün onda özünəinam çatmadı, hesabı qorumağa çalışdı, alınmadı”

12 Oktyabr 04:10 Güləş 1 166
“Qələbə üçün onda özünəinam çatmadı, hesabı qorumağa çalışdı, alınmadı”

"2024-cü ildəki çıxışımızı qənaətbəxş sayırıq".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın 20 yaşadək sərbəst güləşçilərdən ibarət millisinin böyük məşqçisi Arif Abdullayev deyib.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə danışan mütəxəssis yığmanın 2024-cü ildəki çıxışını dəyərləndirib:

"Ümumilikdə 2024-cü ildəki çıxışımızı qənaətbəxş sayırıq. Üçüncü dəfə komanda hesabında Avropa çempionu olduq. 1 qızıl, 4 gümüş və 1 bürünc medal qazandıq. Dünya çempionatında daha yaxşı çıxış edə bilərdik. Bəzi güləşçilərimiz potensiallarına uyğun güləşmədilər. Yekunda 1 gümüş və 2 bürünc medal qazandıq. Komanda hesabında isə 5-ci yeri tutduq. Gənclər arasında Avropa ikincisi, yeniyetmələr arasında dünya və Avropa çempionu Vasif Bağırov (57 kq) dünya çempionatına az qalmış ayağından zədələndi. Həkimlərlə məsləhətləşdik. Daha böyük zədə almasın deyə riskə getmədik. Ona görə də dünya çempionatına Vasifi aparmadıq".

O, son vaxtlar daha ağır çəki dərəcələrində uğur qazanan güləşçilər barədə danışıb:

"Vasifin zədə üzündən dünya çempionatında iştirak etmədiyini qeyd etdim. Camal Abbasov (61 kq) isə U-20 yaş qrupuna bu il keçib. Hələ ki, fiziki durumu bu yaş qrupuna tam uyğunlaşmayıb. Düzdür, Avropa çempionatında gümüş medal qazandı. Ancaq dünya çempionatı üçün hələ tam hazır deyildi. O, hələ daha 2 il gənclərdə çıxış edə bilər. Çalışacağıq ki, onun fiziki göstəricilərini və dözümlülüyünü artıraq. Medal qazanmasa da, Ayxan Abdullazadənin (65 kq) çıxışını qeyd edə bilərəm. İranlı rəqibiylə görüşdə hesabda 6:0 üstün idi. Ancaq sonra qələbəni əldən verdi. Deyərdim ki, qələbə üçün özünəinam çatmadı. Hesabı qorumağa çalışdı, amma alınmadı. Bu da yarış təcrübəsinin azlığından irəli gəlir".

Böyük məşqçi uzun müddətdən sonra yarış arenasına qayıdan Ağanəzər Novruzovun (74 kq) çıxışına toxunub:

"Ağanəzər Novruzovdan uğurlu çıxış gözləyirdik. O, yeniyetmələr arasında Avropa və dünya üçüncüsü olub. Daha sonra hərbi xidmətə getdi. Bu il onu 3 yarışda sınadıq. Rusiyada keçirilən 2 ənənəvi yarışda özünü yaxşı tərəfdən göstərdi. Fiziki göstəriciləri və dözümlülüyü göz qabağındadır. Dünya çempionatının yarımfinalında amerikalı güləşçiylə minimal fərqlə uduzdu. Bürünc medal uğurunda görüşdə isə Rusiya güləşçisinə qalib gəldi".

56 yaşlı mütəxəssis böyüklər kateqoriyasına keçən güləşçilərdən nəticələr gözlədiklərini bildirib:

"Ayxan Abdullazadə, Sadiq Mustafazadə və Ramik Heybətov kimi güləşçilər U-23 yaş qrupunda nəticə verə bilər. Ancaq böyüklərdə idmançı sayı çox olduğu üçün güclü rəqabət və hər çəkinin liderləri var. Bu baxımdan Dünya Güləş Birliyinin (UWW) U-23 yaş qrupunu yaratması çox yaxşı oldu. Belədə gənclərdən yuxarı qalxan güləşçilər itmir və böyüklər kateqoriyasına uyğunlaşana kimi U-23 yaş qrupunda çıxış edir və “artırır”.

A.Abdullayev 2025-ci ldə onun rəhbərliyi altında çıxış edəcək 2007-ci il təvəllüdlü güləşçilər barədə danışıb:

"Yayda U-17 millimizlə birgə Xaçmazda təlim-məşq toplanışı keçdik. Biz fiziki, onlar isə taktiki-texniki hazırlıq üzrə toplanış keçirdi. İstedadlı güləşçiləri qeydə almışıq. Gələn il əsas seçim U-20 Azərbaycan çempionatında olacaq. Bu il yeniyetmələrdə Avropa və dünya çempionatında medal qazanmış 2007 təvəllüdlü güləşçilər hətta Azərbaycan çempionatında yer tutmasa belə, onları nəzarətdə saxlayacaq və təlim-məşq proseslərinə cəlb edəcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
13 Noyabr 18:10 Çək və bizə göndər!
13 Noyabr 11:00 Sizin də yeriniz var!