"Biz millidə məşqçilərin dəyişəcəyindən yeni ildən xəbərdar idik"

1 Aprel 2023 02:20 Güləş 382
"Biz millidə məşqçilərin dəyişəcəyindən yeni ildən xəbərdar idik"

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev beynəlxalq karyerasına 2007-ci ildə başlayıb.

32 yaşlı idmançı həmin il yeniyetmələrin Dağıstanda təşkil olunmuş turnirində qızıl medala sahib çıxıb.

2016-cı ildə Rio olimpiadasında bürünc, 2021-ci ildə Tokiodakı analoji yarışda gümüş medal əldə edən pəhləvan 3 dəfə Avropa, eyni sayda dünya çempionu olub.

Sportinfo.az xəbər verir ki, Hacı Əliyev 17-23 apreldə Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunacaq Avropa çempionatı, yığmadakı baş məşqçi dəyişikliyi və digər məsələlər barədə "report"un suallarını cavablandırıb.

- İlk olaraq Avropa çempionatı ilə bağlı danışmağınızı istərdik. Yarışa hazırlıqlar necə gedir?
- İlin əvvəlindən bir neçə dəfə təlim-məşq toplanışlarında olmuşuq. Bakıda, daha sonra Mahaçqalada hazırlıq prosesi keçdik. İndi isə yenidən paytaxtda məşqlərimiz davam edir. Turnirə çox yaxşı hazırlaşırıq. İnanıram ki, çəkdiyimiz bu əziyyətlər hədər getməyəcək.

- Qitə çempionatı öncəsi baş məşqçi Namiq Abdullayev postunu tərk etdi və onu Xetaq Qazyumov əvəzlədi. Bu amil komandaya təsir edə bilərmi?
- Biz məşqçilərin dəyişəcəyindən yeni ildən xəbərdar idik. Gözləntilərimiz var idi. Amma dəyişikliyin tam olaraq nə vaxt gerçəkləşəcəyini bilmirdik. Mənə elə gəlir ki, bunun komandaya təsiri olmayacaq. Çünki uşaqlar hər zaman mütəxəssislərin nəzarəti altında olublar. Namiq Abdullayevin vaxtında artıq Dağıstanda təlim-məşq toplanışında idik və hazırlıqlarımızı davam etdirirdik. Baş məşqçinin dəyişməsi bizim üçün böyük boşluq olmadı.

- Ümumiyyətlə, baş məşqçi dəyişikliyini necə qarşıladınız?
- Bu barədə mənə vaxtaşırı suallar verirlər. Çünki son zamanlar məşqçi heyətimiz tez-tez dəyişir. Bütün baş məşqçilərin çalışdığı dönəmdə yaxşı nəticə vermişəm. İstər Firdovsi Umudovun, istər Saypulla Absaidovun, istər Semyon Çterevin, istərsə də Namiq Abdullayevin rəhbərliyi altında nailiyyətlər qazanmışam. Dəyişikliyi normal qarşılayıram. Bu, tək mənim deyil, federasiyamızın və qurumun prezidentinin qərarıdır. Məncə, bu, milli komandamız üçün çox uğurlu olacaq.

- Xetaq Qazyumovun rəhbərliyi altında ilkin hazırlıqlar necə gedir? Daha əvvəldən ünsiyyətiniz davam edirdimi?
- Artıq iki həftədir ki, toplanışa başlamışıq. Çox gözəl məşqlər gedir. Xetaq Qazyumovun ilk tapşırıqlarından biri idmançının təlim-tərbiyəsi və vaxtında hər şeyə nəzarət etməsidir. Bu, mənə xoş gəlir. Çünki komandamızda gənc idmançılar çoxluq təşkil edir. Ən yaşlıları mənəm. Düşünürəm ki, bu tapşırıq yaxşıdır və idmançının təlim-tərbiyəsi hər şeydən önəmlidir. Onun məşqləri də hər birimizə xoş gəlir. Daha əvvəldən də ünsiyyətimiz olub. Uzun illərdir yığmadayam və onunla eyni dövrdə güləşmişəm. Bəzən təlim-məşq toplanışlarında da bir otaqda qalmışıq. Qazyumov karyerasını bitirəndən sonra da əlaqə saxlayırdıq.

- Reytinq turnirindən sonra ilin ilk ciddi sınağı Avropa çempionatı olacaq. Hansı nəticəyə ümid edirsiniz?
- Məncə, yaxşı çıxış edəcəyik. Çünki güləşçilərimiz düzgün məşqlər edirlər. Avropa çempionatı bizim üçün uğurlu olmalıdır. Xorvatiyanın paytaxtı Zaqrebdəki reytinq turnirində də komanda olaraq yaxşı nəticə göstərdik.

- Son olaraq 4 il əvvəl bu titula sahib çıxmısınız. Yenidən Avropa çempionu olmaq kimi hədəfiniz varmı?
- Ötən il finaladək irəliləsəm də, məğlub olmuşdum. Hədəfim 4-cü dəfə Avropa çempionu olmaqdır. Bildiyiniz kimi, sərbət və yunan-Roma güləşi tariximizdə bu rəqəmə çatan yoxdur. Onu da qeyd etmək istəyirəm ki, bu yarışa 65 yox, 70 kq-da qatılacağam. Çünki bu il dünya çempionatı da keçiriləcək. Mənim üçün əsas hədəf bu turnir olmalıdır. Orada artıq Yay Olimpiya Oyunlarına lisenziya əldə edə bilərəm. Bu səbəbdən məşqçilərlə məsləhətləşmədən sonra 70 kq-da çıxış etməyi qərara aldım. Ümid edirəm ki, bu çəkidə də uğur qazanacağam.

- Sizcə, Rusiya idmançılarının bu yarışdan da kənarda qalmaları komandanıza əlavə üstünlük gətirirmi?
- Rusiya idmançıları güləşdə ən yaxşılardan hesab olunurlar. Sözsüz ki, onların olmaması bizə böyük üstünlük verir. Rusiya güləşçiləri hər zaman gözəl nəticələr əldə ediblər.

- Necə düşünürsüz, onlar yarışlara buraxılmalıdırlarmı?
- İdmanı siyasətə qatmaq olmaz. Bu, tamam fərqli sahədir. Rusiya idmançıları da bizim kimi illər ərzində əziyyət çəkib hazırlaşırlar. Hansısa idmançının yarışdan kənarda qalmasını istəməzdim. Özüm bu əziyyətləri çəkmişəm və indi də çəkirəm. İdmançının işi çox çətindir, nəticə qazanmaq üçün çox şeylərdən keçirik. Onların yarışlara buraxılmaması bizim üçün əlverişli olur, amma Rusiya millisində mənim bir neçə yaxın dostum da var. İstəməzdim ki, onlar kənarda qalsınlar. Bunlardan biri də olimpiya çempionu Abdulrəşid Sadullayevdir. O, mənim ən yaxın dostlarımdan biridir. İstər Sadullayev, istərsə də digərlərinin kənarda qalmalarını istəməzdim. Əziyyət çəkirlər, bunun bəhrəsini görmələrini istəyirəm.

- Yunan-Roma güləşinə nisbətdə sərbəst güləşdə təcrübəli idmançıların azlığı sizdə təzyiq yaradırmı? Məsələn, sanki sərbəst güləşdə yalnız Hacı Əliyevdən böyük nəticələr gözləyirlər...
- Sərbəstə baxanda yunan-Roma güləşçiləri daha təcrübəlidirlər. Çünki komandalarında Eldəniz Əzizli, Taleh Məmmədov, Rafiq Hüseynov və digər idmançılar var. Bu da sözsüz ki, komandanın güclü olmasına gətirib çıxarıb. Gənclər də bu güləşçilərdən bəhrələnirlər. Bu da yığmaya əlavə üstünlük verir. Komandada Həsrət Cəfərov kimi gənc və güclü idmançı da var. Heyətdə yaşlı idmançının olması onun kimi gənclər üçün böyük stimuldur. Bizdə isə çoxu gənclərdir. Ən yaşlısı, təcrübəlisi mənəm. Amma məşqçilər tək məndən yox, bütün güləşçilərdən nəticə gözləyirlər. Gənc olmalarına baxmayaraq, çox yaxşı güləşçilərimiz var. Düşünürəm ki, bütün komandadan nəticə ummaq lazımdır.

- Bəs siz özünüz komandanın lideri kimi, Avropa çempionatında digər güləşçilərdən kimlərə ümid bəsləyirsiniz və qızıl medal qazana biləcəyini düşünürsünüz?
- Əliabbas Rzazadənin (57 kq) bunu bacaracağına inanıram. Ötən il finalçı oldu və gümüş medal əldə etdi. Onu artıq qızıla çevirə bilər. 65 kq-da Əli Rəhimzadə, 74 kq-da Cəbrayıl Hacıyev də yaxşı güləşçilərdən hesab edilirlər. 86 kq-da Abubakr Abakarov, 92 kq-da Osman Nurməhəmmədov və Maqomedxan Maqomedov (97 kq) yaxşı güləşçilərdir. Ən çox 96, 92 və 57 kq-dakı idmançılarımızın çempion olacağına ümid edirəm. Onlardan qızıl medal gözləyə bilərik.

Xəbər Lenti