Azərbaycan çempionatında 6 komanda çıxış edəcək - YENİ MÖVSÜMDƏ

24 İyul 2022 16:40 Futzal 823
Azərbaycan çempionatında 6 komanda çıxış edəcək - YENİ MÖVSÜMDƏ

Növbəti mövsüm futzal üzrə Yüksək Liqada iştirakçı sayı azalacaq.

Azərbaycan Futzal Federasiyası (AFF) bununla bağlı klublara xəbərdarlıq edib.

Bildirilib ki, yarışmaçıların sayı 8-dən 6-ya endiriləcək.

Bu, EKOL və «Xilə» kimi komandaların fəaliyyətini dayandırması, Yüksək Liqada çıxış etməke istəyən digər kollektivlərin maliyyə dayaqlarının yetərli olmaması ilə əlaqədardır.

AFF yeni mövsümlə bağlı bir başqa dəyişiklərə də əl atıb. Qurum Birinci və İkinci Liqa iştirakçılarının sayını azaltmaq qərarına gəlib.

Ötən sezjon hər iki çempionatda eyni sayda – 14 komanda öz qüvvəsini sınayıb. AFF gələn «futzal ili»ndə yarışmaçıların sayını 10-a endirməyi lazım bilib.

Səbəb? Federasiyanın 2022/23-ci il mövsümü üzrə büdcəsi azalmayıb. Sadəcə, AFF qənaət prinsipi seçib.

Təşkilatçı qurum meydança, hakim və icarə xərclərin bir hissəsindən bu yolla qurtulmaq fikrindədir. Büdcədə toplanacaq əlavə vəsait «Araz Naxçıvan»a sərf olunacaq.

Bilindiyi kimi, bölgə klubu UEFA Çempionlar Liqasında mübarizə aparacaq. Mübarizəyə əsas mərhələdən start verəcək Joze Alesionun komandası B yolunda yarışacaq.

Azərbaycan çempionu burada 5-ci qrupda yer alacaq.

Rəqiblər “Mostar” (Bosniya və Herseqovina), həmçinin ilkin mərhələnin D qrupunun (İsveçrə “Mineva”sı, Serbiya “Loznika-Qrad 2018”i, Norveç “Vesteralen”i, San-Marino “Folqore”si) və F qrupunun (Gürcüstan “Georgians”ı, Almaniya “Ştutqart”ı, İsveç “Orebro”su, Türkiyə “İstanbul Şişli”si) qalibləri olacaq.

Qrupun matçları Bosniya və Herseqovinada oynanılacaq. Əsas mərhələnin görüşləri 25-30 oktyabr tarixlərində keçiriləcək.

B yolunda yalnız qrup qalibləri elit-raunda vəsiqə qazanacaq. "Araz-Naxçıvan" rəhbərliyi baş məşqçidən məhz qrup qalibi olmağı tələb edib.

SPORTİNFO.AZ

Xəbər Lenti