"Bu qərarı verməyimizə tək dünənki məğlubiyyət təsir etmədi. Cari mövsümün ümumi nəticələrini əsas götürdük" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Zaqatala"nın prezidenti Musa Qurbanov deyib. Dünən I Divizionun son turunda "Ağsu"ya səfərdə 0:4 hesabıyla gözlənilməz məğlubiyyət əyalət klubunun rəhbərliyinin səbr kasasını daşırıb.
Şaban Şimrdanovun başçılıq etdiyi məşqçilər korpusu az öncə tam tərkibdə istefaya göndərilib. Aşağı dəstədə mövsümə aprelin 27-də yekun vurulacaq. AFFA "Şərurspor"u yarışdan kənarlaşdırdığından, "Zaqatala" son turda meydana çıxmayacaq. Beləliklə, "yaşıllar" 46 xalla 6-cı pillədə qərarlaşmalı olub.
M.Qurbanovun bildirdiyinə görə, sezonu daha yüksək yerlərdən birində bitirmək istəsələr də, Şirdanov qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilməyib: "Biz ondan Premyer Liqaya vəsiqə verən yerlərdən birini tutmasını istəmişdik. Son turadək məşqçi korpusuna güvəndik, ancaq onlar komandaya bu nəticəni qazandırmağı bacarmadı. Səbəblərə gəlincə, indi bunları sadalamaq düzgün olmaz. Hərənin bir fikri var. Mən nəyisə səbəb göstərə bilərəm, Şirdanov isə çıxıb başqa kontur-arqument ortaya qoyar. Yekun üçün əsas nəticədi, bu da ki, yoxdu".
Klub prezidentinin dediyinə görə, yeni baş məşqçini müəyyənləşdirməyə tələsmirlər: "Bu, növbəti mövsümə harda və necə hazırlaşmağımızdan asılıdı. Hələ bilinmir ki, Premyer Liqada, yoxsa divizionda çıxış edəcəyik. Bilirsiz ki, "Zaqatala" AFFA-dan asılıdı. Əsas maliyyəmiz ordan gəlir. Federasiyanın klubumuza ayıracağı vəsiti bilək, ondan sonra hədəf qoyacağıq. Bəlkə elə məbləğ verdilər ki, həmin pulla ancaq yerli uşaqları cəlb etmək mümkün olacaq?
Biz mövsümə başlayanda şərtlər başqa idi, bu gün başqa. Misalçün, komandanın Zaqataladan Bakıya gəlməsi 500-600-ə başa gəlirdisə, indi 1200-1500 manat pul çıxır. Əvvəl Bakıda qalıb yeməyə 1500 manat bəs edirdisə, indi 2500-3000-dən aşağı olmur. Yaxud formanı qabaq 10000 manata alırdıqsa, artıq 20-25 minə başa gəlir. Yəni ki, xərclər çoxalıb. Qiymət artımı istər-istəməz öz işini görür, büdcəmizə təsir göstərir. Bunlar hamısı şərtdi".

