“Müvafiq addım atacağıq“

16 İyul 2020 12:02 Digər növlər 559
“Müvafiq addım atacağıq“

“Hazırda biz yarışların bu ilin payız aylarında təşkil edilə biləcəyini düşünürük“.

Sportinfo.az xəbər verir ki, bu sözlər Avropa Gimnastikası Federasiyasının prezidenti Fərid Qayıbova məxsusdur.

Dekabr ayında Milli Gimnastika Arenası daha bir qitə birinciliyinə ev sahibliyi edəcək. Kişi idman gimnastlarının yarışından dərhal sonra bu dəfə arena öz qapılarını qadın idman gimnastları üçün açacaq.

Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, qadın idman gimnastikası üzrə 33-cü Avropa çempionatının dekabrın 17-20-də keçirilməsi planlaşdırılır.

Qadınların qitə birinciliyinin daha öncə aprelin 30-dan mayın 3-dək Parisdə (Fransa) keçirilməsi nəzərdə tutulmuşdu. Lakin, bütün dünyada yayılmış COVID-19 pandemiyası ilə əlaqədar olaraq bu yarış da təxirə salındı.

Fransa Gimnastika Federasiyası isə çempionatı daha sonrakı tarixlərdə təşkil edə bilməyəcəyini bildirdi. Bundan sonra Azərbaycan Gimnastika Federasiyasının istəyi əsasında “Avropa Gimnastikası” yarışın Bakıda keçirilməsinə qərar verdi.

Yarışın formatı planlaşdırıldığı kimi qalacaq və Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Belə ki, çempionat “Tokio-2020”yə hələ vəsiqə qazanmamış bəzi gimnastlar üçün lisenziya əldə etmək şansı verəcək. Kişi idman gimnastikası üzrə Avropa çempionatı isə dekabrın 9-13-də keçiriləcək.

F.Qayıbov çempionatların yeni tarixi ilə bağlı qeyd edib ki, bu qərarlar milli federasiyalardan verilən məlumatlar və Avropadakı hazırkı vəziyyətlə əlaqədar qəbul edilib. Lakin “Avropa Gimnastikası” qarşıdakı aylarda da vəziyyətin təhlilini davam etdirəcək:

“Əgər vəziyyət sonrakı mərhələdə artıq kifayət qədər təhlükəsiz hesab olunmasa, biz müvafiq addımı atacağıq. Gimnastlar, məşqçilər, tamaşaçıların sağlamlığı bizim əsas qayğımız olaraq qalır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"