Azərbaycan yığmalarına yeni baş məşqçilər təyin olundu – Gedən kim, gələn kim…

16 Mart 2023 02:30 Digər növlər 390
Azərbaycan yığmalarına yeni baş məşqçilər təyin olundu – Gedən kim, gələn kim…

Güləş üzrə Azərbaycan yığmalarında yeni təyinatlar olub.

Sportinfo.az xəbər verir ki, bununla bağlı qərar qurumun ofisində keçirilmiş iclasda qəbul edilib.

Namiq Abdullayev AGF-in İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda bu idman növünün inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə ölkədə sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq millinin baş məşqçisi vəzifəsindən ayrılıb.

Bu posta yığmanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabrından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirib və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayıb.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik baş tutub. Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığmaları çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabrından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib.

Federasiyanın mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

Digər Xəbərlər
Xəbər Lenti