"Özüm şoka düşdüm ki..."

4 Sentyabr 2023 09:00 Cüdo 567
"Özüm şoka düşdüm ki..."

Xədicə Qədəşova. Bu ad ilin əvvəlində bir çoxları üçün heç nə deməsə də, artıq Azərbaycanın qız/qadın cüdosu tarixində dünya çempionu olmuş ilk şəxs kimi çox şey deyir.

Yeniyetmə qız cüdoçumuz bu il qatıldığı 7 beynəlxalq turnirin 6-dan medalla Azərbaycana dönməyi bacarıb. Halbuki ilin əvvəli onun üçün uğurlu başlamamışdı.

Martda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa Kubokunda medal qazana bilməmişdi.

Apreldə Teplitse (Çexiya), mayda Göygöl (Azərbaycan) və Byelsko-Byavada (Polşa) keçirilmiş Avropa Kuboklarında qazanılan 1 bürünc və 2 gümüş medal, ardınca iyunda Odivelasdakı (Portuqaliya) yeniyetmələrin Avropa çempionatında 3-cülük də hələ onun haqda qəti söz deməyə imkan vermirdi.

Ancaq iyulda Mariborda (Sloveniya) keçirilmiş Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanın qazandığı 3 qızıl medaldan 1-nin onun payına düşməsi diqqətləri bu qızın üzərinə yönəltdi.

Nəhayət Xədicə martda Zaqreb uğursuzluğunu həmin şəhərdə bu ay keçirilmiş yeniyetmələrin dünya çempionatı ilə sığortaladı.

Özü də 2 medalla. Həm fərdi olaraq 52 kq-da qızıl, həm də komanda yarışında gümüş medal qazandı.

Sportinfo.az xəbər verir ki, prosport.az adını dünya çempionu olmaqla Azərbaycan cüdosu tarixinə yazdıran Xədicə Qədəşovadan eksklüziv müsahibə götürüb:

– Özünüz haqda məlumat verərdiniz...
– Hazırda 17 yaşım var. Rusiyanın Saratov şəhərində anadan olmuşam. Sentyabrda 7 olacaq ki, cüdo ilə məşğul oluram.

– Hələ Avropa Gənclər Olimpiya Festivalında çempion olan vaxt Milli Olimpiya Komitəsinə verdiyiniz müsahibə diqqətimi çəkmişdi. Rus dilində danışırsınız. Oxucularımıza aydın olsun deyə, milliyyətinizi də açıqlayardınız.
– Azərbaycan mənim vətənimdir. Özüm azərbaycanlıyam. Valideynlərim Sumqayıtda doğulub, böyüyüb, orada da tanış olub, evləniblər. Daha sonra Rusiyaya köçüblər.

– Cüdoya sizdə marağı kim formalaşdırıb? Nə cüdoda olmağınıza təsir edib?
– Atam yeniyetmə yaşlarında cüdo ilə məşğul olub. Bu səbəbdən atam məni uşaq yaşlarında cüdoya yazdırıb. Xasiyyətcə sakit qız olmadığımdan, bir yerdə dayanmırdım. Özüm də bu idmanda olmağa pis yanaşmamışam. Üstəlik, Olimpiya Oyunları mənə bu idman növünə maraq göstərməyimə çox təsir edib. Şəxsən 2016-cı ildəki Olmpiadaya baxmışam. Rüstəm Orucovun yarımfinal görüşünü (israilli Saqi Mukini ippona saldığı görüş red.) izləmişdim. Həmin vaxtdan cüdonu çox bəyənmişdim.

– Neçə yaşdan cüdo ilə məşğulsunuz?
– 10 yaşımdan. Saratovdakı "Bars" klubunda idmana yazılmışam. İlk məşqçim Levan Davitaşvili olub.

– Bəs indi hansı klubda məşq keçirsiniz?
– Hazırda yığmada olmayanda "Atilla" klubunda məşq keçirəm. Elnur müəllimin (yeniyetmələrdən ibarət qız millimizin baş məşqçisi Elnur İsmayılovu nəzərdə tutur – red.) rəhbərliyi altında hazırlaşıram.

– Bəs sizi Azərbaycana hədiyyə edən kim olub?
– Azərbaycan yığmasında iştirak etməkdə özümüz də maraqlı idik. Amma deməliyəm ki, bu məsələnin alınmasında Nazim Umbayevin (beynəlxalq dərəcəli hakimdir – red.) rolu olub.

– Rusiya cüdosu Azərbaycanınkından nə ilə seçilir?
– Azərbaycan сüdosu cəsarətli olmağı sevir. Burada güləşərkən cəld olmalısan. Rusiya cüdosu isə sakit güləşməyə üstünlük verir. Sözün açığı, mənim ürəyimə Azərbaycan cüdosu daha yaxın gəlir.

– Yeniyetmələr arasında dünya çempionu oldunuz. Soyuq başla təəssüratlarınızı öyrənək...
– Danışmaq çətindir. Kifayət qədər səhvlərim vardı. Hər qalib gəldiyin görüşdə belə ideal olmaq mümkün deyil. Keçirdiyim görüşlərin hər birində səhv tapmaq mümkündür. Amma ümumilikdə dünyanın ən güclüsü olduğumdan, nəticəm məni razı salır.

– Əvvəldən qadın cüdosunda dünya çempionumuzun olmadığını bilirdiniz?
– Xeyr, bunu bilmirdim. Yalnız dünya çempionu olduqdan sonra bunu mənə dedilər. Özüm şoka düşdüm ki, tarixə adımı yazdırmışam (gülür).

– Növbəti planlar nədir?
– Sentyabrda Niderlandın Haaqa şəhərində keçiriləcək gənclərin Avropa çempionatında iştirak edəcəyəm. Əgər orada da yaxşı çıxış etsəm, oktyabrda Portuqaliyanın Odivelas şəhərində baş tutacaq gənclər arasındakı dünya çempionatına da aparılacağam.

– Artıq dünya çempionusunuz. Öz yaşıdlarınıza nəyi məsləhət görərdiniz?
– Onlara öz işlərini sevməyi, əmək sərf etməyi arzu edirəm. Yeri gəlmişkən, bizə hərtərəfli dəstək olan Azərbaycan Cüdo Federasiyasına da təşəkkürümü bildirirəm. Onlar bizi yaxşı kimano, geyimlərlə təchiz edir. Mənəvi və fiziki cəhətdən bizə dəstək olurlar. Ümumiyyətlə, mənə dəstək olan hamıya təşəkkür edirəm. Şadam ki, mən burdayam və fəxrlə deyə bilərəm ki, Azərbaycanı təmsil edirəm. Bundan sonra da elə edəcəyəm ki, Azərbaycanın bayrağını ən yüksək zirvədə dalğalandırım.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"