Məşhur persona öz istəyi ilə Azərbaycan millisinə götürüldü

30 Aprel 2022 16:20 Cüdo 553
Məşhur persona öz istəyi ilə Azərbaycan millisinə götürüldü

Sportinfo.az xəbər verir ki, iranlı cüdoçu Səid Mollayi (81 kq) milli komandada çıxış etmək üçün Azərbaycan Cüdo Federasiyasına (ACF) müraciət edib.

ACF-in Mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı idmançının mövcud hazırlıq vəziyyətini dəyərləndirmək üçün o, Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədi ilə keçirilmiş təlim-məşq toplanışına qatılıb.

Cüdoçu həmçinin, müvafiq tibbi müayinələrdən keçirilib.

Hazırda federasiya onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciəti dəyərləndirir. Buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə müvafiq məsləhətləşmələr aparılır.

Əslən Azərbaycandan olan Səid Mollayi 2018-ci ildə Bakıda keçirilmiş dünya çempionatında qızıl medal qazanıb. Təcrübəli idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarının və Asiya Oyunlarının gümüş mükafatçısıdır.

Mollayi həmçinin, 1 dəfə dünya, 3 dəfə isə Asiya üçüncüsü olub. Onun aktivində Asiya çempionatının bürünc medalı da var.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!