"2016-cı ildən görmürəm, həkimlər mənə haqsızlıq edib"

24 Aprel 2022 00:40 Cüdo 673
"2016-cı ildən görmürəm, həkimlər mənə haqsızlıq edib"

"2016-cı ildən tam görmürəm, həkimlər mənə qarşı haqsızlıq edib".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında Türkiyənin Antalya şəhərində keçirilən gözdən əlillərin Qran-prisinə (“2022 IBSA Judo Grand Prix”) buraxılmayan Azərbaycan paracüdoçusu Zakir Mislimov deyib.

90 kq çəki dərəcəsində çıxış edən paralimpiyaçı gözündəki problemin sinirlə əlaqədar olduğunu bildirib:

"İşıq üzü belə görmürəm, tam qaranlıqdır. Burada nə qədər etsələr də, mənim sinirlərimi yoxlaya bilmədilər.

Bu, onların öz problemidir. Mənə qarşı haqsızlıq oldu. Əziyyət çəkib yarışa hazırlaşmışdım".

38 yaşlı idmançının şəxsi məşqçisi Ramin İbrahimov paracüdoçunun tam görmədiyini söyləyib:

"Biz aylardır hazırlaşırdıq. Zakirin məşqə gəlməyi və qayıtmağı çox çətindir, çünki görmür. Burada gözünə baxa bilmədilər, çünki gözü açılanda qarası qaçır.

O da bizim problemimiz deyil. Dəmirlə gözü açmalı idilər. Soruşduq və dedilər ki, bizdə o alət yoxdur. Buna görə də Zakir haqsızlığa uğradı.

Hazırda psixoloji olaraq gərgindir. Onun xəstəliyi əsəblə əlaqədardır. Zakirə təsəlli veririk. Çalışacağıq ki, növbəti yarışlarda belə haqsızlığa məruz qalmayaq".

Azərbaycanın 9 təmsilçisi tibbi təsnifatların nəticəsinə əsasən yarışa buraxılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti