Rövnəq Abdullayevin milli üzvləri ilə görüşündə nələr oldu?

13 İyul 2021 09:00 Cüdo 1 240
Rövnəq Abdullayevin milli üzvləri ilə görüşündə nələr oldu?

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək milli komanda üzvləri və məşqçi heyəti ilə görüşüb.

Sportinfo.az ACF-nin rəsmi saytına istinadən xəbər verir ki, R.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin hər zaman idmana və olimpiya hərəkatına göstərdiyi diqqətin dəfələrlə Beynəlxalq Olimpiya Komitəsi, ümumdünya idman təşkilatlarının rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Federasiya rəhbəri Tokio-2020-də Azərbaycanı təmsil edəcək 9 cüdoçunun ölkənin idman şərəfini ləyaqətlə qoruyacaqlarına ümidvar olduğunu söyləyib.

Sonra kişilərdən ibarət milli komandanın baş məşqçisi Ruslan Maşurenko, böyük məşqçi Elxan Məmmədov çıxış edərək cüdoçuların ötən müddət ərzində bütün nüfuzlu beynəlxalq yarışlarda mübarizə apardıqlarını, dünya və Avropa çempionatları, "Böyük Dəbilqə", Qran-Pri turnirlərindən Vətənə medallarla qayıtdıqlarını vurğulayıb.

Məşqçilər ötən dövr ərzində dünyanın müxtəlif ölkələrində və respublika daxilində cüdo üzrə milli komandanın təlim-məşq toplanışlarının yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat verib. Mütəxəssis cüdoçuların olimpiada da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərni vurğulayıb.

Millinin kapitanı Nicat Şıxəlizadə, Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov və qadın cüdoçu Aişə Qurbanlı onlara göstərilən qayğıya görə federasiya rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Görüşdə ACF vitse-prezidentləri Mikayıl İsmayılov və Sadıq Sadıqov və baş katib Elmar Babanlı iştirak edib. Sonda xatirə şəkli çəkdirilib.

Ölkəmizi Tokio Yay Olimpiya Oyunlarında 9 cüdoçu - Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90kq), Zelim Kotsoyev (100kq), Kokauri Uşangi (100+kq), Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) təmsil edəcək.

Cüdoçular Yponiyaya iyulun 14-ü və 18-də gedəcəklər. Olimpiya Oyunlarında cüdo yarışları 24 - 31 iyulda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu