“Açığı, Azərbaycanda çox adam məndən soruşur ki…”

21:20 Bizimkilər 193
“Açığı, Azərbaycanda çox adam məndən soruşur ki…”

Əslən azərbaycanlı futbolçu Omar Muradov İtaliya təmsilçisi “Bolonya”ya transfer olunub.

Omarın atası Şuşadan olsa da, özü Qazaxıstanda dünyaya gəlib.

Futbolun sirlərinə “Kayrat”da yiyələnməyə başlayıb, bir müddət Xəzər dənizinin o biri tayında top qovub, daha sonra Azərbaycanda çıxış edib.

Omar Qazaxıstanın vesti.kz saytına verdiyi geniş müsahibədə bir çox maraqlı suallara aydınlıq gətirib.

(müsahibənin əvvəli burada - https://www.sportinfo.az/idman_xeberleri/bizimkiler/245346.html)

-Son durum necədir?

- Hazırda vəziyyət belədir: 2027-ci ilin yayında məni rəsmi olaraq “Bolonya”nun futbolçusu kimi təqdim etməlidirlər. Qısa müddətdə mütləq italyan dilini öyrənməliyəm. Kluba gələndən sonra yarım il “Primavera”da (gənclər komandasında) oynayacağam, sonra isə icarəsiz birbaşa əsas komandaya keçəcəyəm. Amma o vaxta qədər mən Azərbaycanda oynamağa davam edəcəyəm. Bəli, artıq 18 yaşındayam və Avropada bu yaşda keçidlər olur. Amma “Bolonya” belə qərar verib. Mənim üçün fərqi yoxdur, əsas odur ki, oynayım və Qazaxıstanı beynəlxalq səviyyədə təmsil edim.

– Səni niyə Qazaxıstanın yeniyetmə və ya gənclər yığmalarına çağırmırlar? Federasiya səninlə və ya valideynlərinlə əlaqə saxlayıb?

– Heç bir yığmadan çağırış olmayıb, nə baş verdiyini bilmirəm.

– Bəs səni Azərbaycanın gənclər yığmasına cəlb etmək istəyiblər?

– Belə bir məqam olmuşdu, məni bir təlim-məşq toplanışına çağırmaq istəyirdilər. Amma sonra bildilər ki, mən Qazaxıstan vətəndaşıyam. Açığı, Azərbaycanda çox adam məndən soruşur ki, niyə Qazaxıstanda mənə baxmırlar, niyə çağırmırlar.

– Vətəndaşlığı dəyişmək barədə düşünmüsən?

– Bu barədə düşünmürəm. Atam deyir ki, futbola fokuslanım, işləyim, qalanı sonra olacaq. Amma əlbəttə, əgər Qazaxıstan millisindən dəvət olsa, o zaman qərar verəcəyik.

– Hücumameyilli mərkəz yarımmüdafiəçisən. Bu mövqedə kumirin kim(lər)dir?

– İki mövqedə oynaya bilərəm – “10 nömrə” və ya “8 nömrə”. Kumirlərim: birinci Lionel Messi, ikinci Roberto Bacco, üçüncü Andrea Pirlo.

Azərbaycan və Qazaxıstanda gənclər futbolunun səviyyəsini müqayisə edə bilərsən?

– Qazaxıstanda da çox güclü uşaqlar var, Azərbaycanda da. Amma Azərbaycanda intensivlik daha yüksəkdir, müşahidələrimə əsasən Azərbaycandakı oyunçular daha texnikalıdır. Amma əsasən fiziki cəhətdən çox yaxşı inkişaf ediblər. Onların oyunçuları artıq Avropada çıxış edir – “Brügge”də, “Barselona”nın akademiyasında və digər komandalarında. İnfrastruktur baxımından isə Qazaxıstanda demək olar ki, yaxşı şərait yalnız “Kayrat”dadır. Azərbaycanda isə hər klubun yaxşı bazası, meydançaları və bütün şəraiti var. Bu baxımdan da burada səviyyə daha yüksəkdir.

– “Qarabağ”ın oyunlarını canlı izləmisən. Bu dəfəki Çempionlar Liqasında “Kayrat” da oynadı. Səncə, almatılılar hansı cəhətlərdə “Qarabağ”dan geri qalır?

– “Kayrat” mənim doğma komandamdır, amma onlar Çempionlar Liqası səviyyəsində indi-indi oynamağa başlayıblar. Buna öyrəşmək üçün vaxt lazımdır. Orada Dastan Satpayev xüsusilə seçilir. Dastanla yollarımız kəsişib, birlikdə oynamışıq. O, sadəcə superdir, mən onun adına çox sevinirəm. Uşaqlıqda ünsiyyətimiz var idi, indi isə artıq yoxdur. Ümid edirəm ki, qazaxıstanlı futbolçuların yeni nəsli – Dastan və mən daxil olmaqla böyük turnirlərdə öz sözünü deyə biləcək: Avropa çempionatında və dünya çempionatında oynayacaq.

– Bu yaxınlarda Almaniya millisinin futbolçusu Nik Voltemade ilə yazışmanı paylaşmışdın. Necə tanış oldunuz?

– Açığı, mən özüm də şokdayam. O, mənə özü yazdı, “Bolonya” ilə müqavilə bağlamağım münasibətilə təbrik etdi, mənə öz formasını göndərdi və dedi ki, məndən də forma gözləyir.

Maraq üçün bildirək ki, Muradovun “Bolonya” ilə müqaviləsinin müddəti 3 illik nəzərdə tutulub.

Onun başqa kluba satış qiyməti 15 milyon avro göstərilir.

HƏBİB hazırladı

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti