Əslən azərbaycanlı futbolçu Omar Muradov İtaliya təmsilçisi “Bolonya”ya transfer olunub.
Omarın atası Şuşadan olsa da, özü Qazaxıstanda dünyaya gəlib.
Futbolun sirlərinə “Kayrat”da yiyələnməyə başlayıb, bir müddət Xəzər dənizinin o biri tayında top qovub, daha sonra Azərbaycanda çıxış edib.
Omar Qazaxıstanın vesti.kz saytına verdiyi geniş müsahibədə bir çox maraqlı suallara aydınlıq gətirib.
– Almatıda doğulmusan, “Kayrat”ın akademiyasında məşq etmisən, düzdür?
– Bəli, mən Almatıda doğulub böyümüşəm. “Kayrat”ın strukturunda hələ çox balaca uşaq idim, təxminən 1,5 il orada məşq etdim. Sonra başqa bir məktəbə keçdim, orada məşqçi İqor Romanoviç Çuçman idi (“Okjetpes” və “İrtış”ın keçmiş futbolçusu). Onun komandası var idi, bu, mediada yazıldığı kimi tam “Mustang” deyildi, baxmayaraq ki, orada işləyən insanlar eyni idi.
– 15 yaşında Azərbaycana köçmüsən?
– Bir az daha əvvəl. Əvvəlcə “Neftçi”yə getdim. Amma orada problem yarandı – bu yaşda qazaxıstanlı oyunçuların FİFA lisenziyası olmur. Bu lisenziyanı almaq üçün ya milli komandada oynamalısan, ya da xarici liqaya getməlisən. Mənə bu lisenziya dəfələrlə verilmədi, 8 ay gözlədim. Nəhayət, onu aldıq və sonra çempionatda oynaya bildim. Sonra dərhal “Zirə” klubuna keçdim və orada oynadım. Daha sonra Türkiyəyə getdim, 3-cü liqada, U-17 çempionatı idi. Orada bir neçə klub mənimlə danışıq aparırdı Amma Türkiyədə mənə yaşayış icazəsi vermirdilər. Sonra “Sumqayıt”ın direktoru atama zəng etdi və dedi ki, məni dəvət etmək istəyir. Bizə dedilər ki, futbolçu keyfiyyətlərim uyğun olsa, dərhal müqavilə bağlayacaqlar. Elə də oldu. Sənədləri topladıq və mən “Sumqayıt”ın heyətində gənclər arasında çempion oldum.
– “Bolonya”nın səninlə necə maraqlandığını danış.
– Hər şey belə başladı. Vasitəçi vasitəsilə mənim profilim və “highlight” videolarım tanınmış italyan agenti Mario Cuffredi-yə çatdı. O yanıma gəldi, çıxışımı izlədi, oyun keyfiyyətlərim xoşuna gəldi və demək olar ki, əməkdaşlığa başladıq. Sonra o, mənimlə bağlı İtaliya klubları ilə işləməyə başladı. Əvvəlcə “Bari” (Serie B klubu) və “Piza” (Serie A-nın autsayderi) ilə danışıqlar yaranmışdı. Amma konkret heç nə yox idi, sadəcə maraqlanırdılar. Sonra qəfil “Milan” variantı ortaya çıxdı və bu, mənim üçün sürpriz oldu. Çünki özüm də bu klubun azarkeşiyəm. Hətta “Milan”ın idman direktoru Ceffri Monkada ilə “zoom” vasitəsilə danışığımız oldu. Məni “Milan”ın gənclər komandasına cəlb etmək istəyirdilər.
-Nə baş verdi?
- Gözləmədiyim anda “Bolonya” ortaya çıxdı və baş məşqçi Vinçenzo İtalyano ilə də şəxsi söhbətimiz oldu. Orada hər şey konkret idi, İtalyano mənə hər şeyi detallı şəkildə izah etdi. “Bolonya”nın gənclər komandasının məşqçisi Stefano Morrone də razılıq verdi, Çünki o, məşqlərimi və oyunlarımı izləmişdi. Amma danışıqlar prosesini mənimlə klubun idman direktoru Marko Di Vayo başladı. Ona futbolçu kimi xoş gəlmişdim, klubdakılara haqqımda danışdı və sonra İtalyano da məni müsbət qiymətləndirdi.
-Son durum necədir?
- Hazırda vəziyyət belədir: 2027-ci ilin yayında məni rəsmi olaraq “Bolonya”nun futbolçusu kimi təqdim etməlidirlər. Qısa müddətdə mütləq italyan dilini öyrənməliyəm. Kluba gələndən sonra yarım il “Primavera”da (gənclər komandasında) oynayacağam, sonra isə icarəsiz birbaşa əsas komandaya keçəcəyəm.
(ilk hissə)
HƏBİB hazırladı

