«Onu məndən «Qarabağ», «Neftçi» və «Qəbələ» də istəyirdi, vermədim».
Bu sözləri Sportinfo.az-a açıqlamasında FC ROFM-in baş məşqçisi Adil Mahmudov deyib.
Xəbər verdiyimiz kimi, azərbaycanlı gənc futbolçu Şahbaz Şahbazov İspaniyaya yollanıb.
FC ROFM-in hücumçusu karyerasını bundan sonra adıçəkilən ölkədə davam etdirəcək.
16 yaşlı forvard «Deportivo Penas»la anlaşıb. Tərəflər arasında uzunmüddətli müqavilə imzalanıb.
Azərbaycanın Əməkdar məşqçisi Adil Mahmudovun yetirməsi olan Şahbazov dördüncü liqada mübarizə aparan «Deportivo Penas»ın U-17 komandasında forma geyinəcək.
Sözügedən klubda daha bir həmyerlimiz çıxıq edir. Ruslan Məmmədov ötən il ora yollanıb. 19 yaşlı bu hücumçu da Adil Mahmudovun yetirməsidir.
O, tələbəsinin təsadüfən ispanların diqqət mərkəzinə düşmədiyini bildirib:
«Şahbazın qol hissiyatı əladır. Ötən mövsüm onu EFA-ya icarəyə verdik, öz yaş qrupunda 16 qol vurdu.
Top ayağında olanda qapını görən və dəqiq zərbə vurmağı bacaran hücumçudur. O, neçə vaxtdır məndədir.
Xeyli klubdan təklif gəlmişdi ki, Şahbazı ver bizə. Mən də tanıyıram axı bu aşağı, bilirəm ki, Avropada oynaya biləcək potensialı var.
«Deportivo Penas»ın rəhbərliyi bir müddətdir Şahbazı izləyirdi. Məndən tez-tez onun videolarını istəyirdilər.
İndi orada 17 yaşlılarda oynayacaq. Bir müddət sonra Şahbazı daha iddialı kluba göndərmək fikirləri var.
İspanlar mənə deyirdi ki, yan pas oynayan hücumçularımız çoxdur, bizə fürsətcil və texnikalı birini tap. Şahbazın yaxın illərdə Azərbaycan əsas yığmasına dəvət alacağına şübhə eləmirəm.
Düzdür, son günlərə kimi diqqətdən bir az kənarda qalmışdı, amma düşünürəm ki, bu, müvəqqəti haldır. İspanların özündə nə qədər uşaq var. Əgər onlar bizim futbolçunu bəyənib götürüblərsə, demək ki, onda çox şey görüblər».

