Mahir Emrelinin Xorvatiyadakı işləri yağ kimi gedir.
Azərbaycan millisinin də şərəfini qoruyan futbolçunun “Varajdin”lə səfər qarşılaşmasında vurduğu qol komandasına 1 xal qazandırdı.
Mahir cari Xorvatiya çempionatında meydana çıxdığı 11 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb ki, məhsuldarlıq göstəricisində yalnız Bruno Petkoviçdən (7 oyun, 5 qol, 2 assist) geri qalır.
Emreli cari avrokubok mövsümündə 8 görüşdə şans qazanıb və 2 məhsuldar ötürmənin müəllifi olub. Ölkə kubokunda isə 1 matçda 1 qol vurub.
Həmyerlimizin məhsuldarlıq nümayiş etdirməsi zaqrebli azarkeşlərin üzünü güldürməkdədir. “11 nömrə” transfer olunduğu yeni dönəmdə ona bəslənən inam indiki qədər deyildi. Artıq onu komandanın əsas simalarından biri kimi qəbul edirlər.
Bunu onların “Dinamo”nun sosial şəbəkə hesablarındakı paylaşımlara yazdıqları şərhlərdən görmək mümkündür:
“Bu Emreli qızıl imiş, indi-indi parlayır”.
“Yaxşı ki, Emreli var. 90-cı dəqiqədə də olsa, komandanı xilas etdi”.
“Ehtiyatda elə oyunçular var ki, onlara şans vermək lazımdır. Fikir vermişəm, kənarda oturanlar “11-lik”də yer alanlardan daha effektlidir”.
“Emreli ümidləri doğruldursa, niyə ehtiyatda qalmalıdır? Oyunlar göstərir ki, bu adam şans qazandıqca qollar vurur. Deməli, meydanda daha çox olmalıdır”.
“Siz lazımsızları oynadın, qol vuranları yanınızda oturdun, yaxşı? Emreli daha nə etməlidir?”
“Komandada Petkoviçlə birlikdə ən məhsuldar futbolçudur. Bir Emreliyə baxın, bir də Petkoviçə”.
“Ehtiyatda saxlayın, oyuna girəndə qol vurub sizi xilas etsin, qışda da icarəyə verərsiniz. Bu təfəkkürlə uzağa getmək olmaz”.
Mahir Emreli cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 20 oyunun 7-də əsas heyətdə yer alıb, 13 halda meydana sonradan çıxıb.
HƏBİB / SPORTİNFO.AZ

