“Qarabağda fərqli idarəçilik modeli olacaq” - Prezident

14 Aprel 10:50 Bizimkilər 236
“Qarabağda fərqli idarəçilik modeli olacaq” - Prezident

“Biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq. Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də, indi bizim müəyyən mənada iki inkişaf proqramımız var”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında deyib.

Dövlət başçısı çıxışına belə davam edib:

“Birincisi, bizim hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda bu, başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə, hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra.

Ona görə də, hazırda biz Ermənistan tərəfindən qanunsuz istismar olunmuş bütün resurslarımızı qiymətləndiririk. Həmin ərazilərdə mədənçilik üçün böyük potensial var. Yeri gəlmişkən, biz işğaldan azad edilmiş ərazilərdə mis və qızıl resurslarımızı qanunsuz şəkildə istismar etmiş bəzi dırnaqarası iş adamlarına qarşı artıq qanuni prosedurlara başlamışıq. Bərpaolunan enerji, xüsusilə külək enerjisi üçün nəhəng potensial var. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək enerjisi üçün nəhəng potensial var. Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. Laçın və Kəlbəcəri azad edəndən sonra biz əsas su ehtiyatlarımıza çıxış əldə etmişik. Çünki Qarabağdakı erməni əhalisinin istifadə etdiyi su ehtiyatlarımızın əksər hissəsi öz mənbəyini oradan alır. Hazırda biz ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesindəyik.

Beləliklə, 15 gün ərzində onlar 12 su elektrik stansiyasını dağıdıblar. Bu da onların hisslərini və siyasətini nümayiş etdirir. Sözsüz ki, biz həmin ərazilərdə xüsusi yaşayış standartları yaratmaq istəyirik, çünki oraya qayıdacaq insanlar 30 il əziyyət çəkiblər. Onların layiqli həyata ehtiyacı var. Ona görə də, “ağıllı kənd” üzrə ilk pilot layihəyə artıq başlanılıb, şəhər planlaşdırılmasına başlanılıb. Beləliklə, Qarabağ iqtisadiyyatımızın qeyri-enerji sektorunda, həmçinin nəqliyyatda böyük həcmdə ümumi daxili məhsul istehsal edəcək. Üç hava limanı ilə bağlı proses artıq başlayıb. Bir hava limanında işlər artıq başlayıb. Dəmir yolu əlaqələri. Yerləşməyini və qonşulara yaxınlığını nəzərə alaraq Zəngilan mühüm nəqliyyat və logistik hab ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
8 May 13:00 Honda namizəd oldu