Həbsdən çıxan kapitan Azərbaycan millisinə qayıtmaq istəyir

4 Aprel 2020 20:20 Basketbol 906
Həbsdən çıxan kapitan Azərbaycan millisinə qayıtmaq istəyir

"Qardaşım 3 gündür evdədir və hələlik istirahət edir".

Bu sözləri Sportinfo.az-a açıqlamasında basketbol üzrə yığmanın kapitanı Amil Həmzəyevin qardaşı Amin Həmzəyev deyib.

Bilindiyi kimi, Amil ötən ilin dekabrında idman oyunlarında manipulyasiya etdiklərinə görə həbs edilmişdi. Baş Mütəşəkkil Cinayətkarlığla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılan yığmanın üzvünə qarşı Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

Sonra isə dələduzluq maddəsi 192-2 (idman yarışlarının manipulyasiyası) maddəsinə tövsif edilib. Ölkədə koronavirus pandemiyası ilə əlaqədar olaraq, idmançının ev dustağlığına buraxılması ilə bağlı məhkəməyə müraciət edilib və 3 gün öncə Nərimanov Rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə onun ev dustaqlığına buraxılmasına dair qərar çıxarılıb.

Amin Həmzəyev bildirib ki, istintaq davam etdiyindən, qardaşının mətbuata açıqlama verməsi mümkün deyil: "Biz də istəyirik ki, o, nə varsa, çıxıb danışsın. Vəkili ilə söhbət etmişik, bizə deyib ki. istintaq bitməmiş mətbuata açıqlama vermək olmaz.

Çünki bunun prosesin gedişinə mənfi təsiri ola bilər. Hər şey istintaq sirri kimi qalmalıdır. Ümid edirik ki, istintaq tezliklə başa çatacaq və əsl həqiqət üzə çıxacaq. Biz də bunu çox istəyirik.

Prosesin nə vaxt yekunlaşacağını bilmirik. Yəqin ki, bir müddət sonra qurtarar. Amilin fikri basketbola qayıtmaq, karyerasını davam etdirməkdir. O, yenidən millinin formasını geyinmək, kapitan olmaq istəyir.

Federasiya Azərbaycan çempionatının davam etdirilməməsinə qərar versə də, hələ yığma komandanın Avropa çempionatındakı oyunları ləğv olunmayıb.

Orada isə millimiz Ermənistanla qarşılaşacaq. Amil həmin oyunda meydançaya çıxmaq istəyir. Hələlik evə gəlib-gedənlər, Amili görməyə gələnlər var. O. həbsxanada da məşqlərindən qalmayıb. İndi də formasını yavaş-yavaş bərpa etməyə çalışır".

Digər Xəbərlər
Xəbər Lenti