O, türmədə qardaşıyla görüşdü, açdı sandığı, hər şeyi dedi…

5 Fevral 2020 10:24 Basketbol 1 788
O, türmədə qardaşıyla görüşdü, açdı sandığı, hər şeyi dedi…

Son günlər idmanın mediasının gündəmi yenidən qarışıb.

Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyevin bir müddət əvvəl həbs olunması üzə çıxınca, bütün diqqətlər ona yönəldi.

“Gəncə” basketbol klubunun üzvü Azərbaycan çempionatının (böyük ehtimalla, I Divizion oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub. O, Kürdəxanı İstintaq Təcridxanasında saxlanılır.

Amil Həmzəyev mətbuatda Bakıdakı “Fənərbaxça” idman məktəbinin sahibi kimi təqdim olunur. Bildirilir ki, Amil Həmzəyevin Türkiyə klublarından “Fənərbaxça”nın adından istifadə etməsi də təsadüfi deyil. Çünki o, 2008-2009-cu illərdə bu klubun gənclərdən ibarət heyətinə seçilib.

Amil Bakıda keçirilmiş IV İslam Həmrəylik Oyunlarında basketbolun 3x3 növündə millimizlə qızıl medal qazanıb. O, ölkəmizdə “Gəncə”nin şərəfini qorumazdan öncə Ukraynanın “Kremen” və Moldovanın “Rıbnitsa” klublarında legioner həyatı yaşayıb.

Əslində, “Fənərbaxça” məktəbi həqiqətən Həmzəyevlər ailəsinə məxsusdur. Sadəcə, rəhbər Amil deyil, onun Amin adlı qardaşıdır. O, Sportinfo.az-a bütün bunlarla bağlı geniş müsahibə verib.

- Bu xəbər sizin üçün təəccüblü olmadı ki?
- Əlbəttə ki, təəccüblü oldu. Çünki Amil üçün Azərbaycanın yetişdirdiyi ən istedadlı basketbolçu deyərdim. Bu xəbəri eşidəndə, məyus oldum. Araşdırma davam edir. İstintaqın gedişi haqda heç nə deyə bilmərəm. Bu şübhənin əsassız olacağına inanıram. Əminəm ki, istintaq başa çatdıqdan sonra bunun əsassız olduğuna qərar verəcəklər.

- Bu xəbəri ilk dəfə kimdən aldız? Özü dedi?
- Bəli, özü mənə zəng etdi.

- Dedi ki, mən...
- Saxlanılmışam.

- Səbəbini soruşanda nə ilə izah etdi?
- Səbəbini izah etmədi. Sonradan hər şey aydın oldu.

- Yəqin bu müddətdə özü ilə görüşdüz.
- Bəli, görüşdüm.

- Amillə söhbət zamanı gəldiyiniz qənaət nədən ibarətdir?
- Gəldiyim qənaət ondan ibarətdir ki, Amilin yetişdiyi ailə, idman mühitini nəzərə alaraq, onun bu işlərin içində olma ehtimalı çox aşağıdır. Özü də günahsız olduğuna inanır və həqiqətin tez bir zamanda ortaya çıxacağını düşünür. Sadəcə, bəzi məqamlarda şərtlər elə gətirir ki, insan belə vəziyyətə düşə bilir. Heç kim, heç Amil özü də istəməzdi ki, adı bu tip qalmaqalda hallansın. Yenə deyirəm, mən də, onu tanıyan insanlar da inanırıq ki, bu mövzuda günahsız olduğu ortaya çıxacaq.

- Onu adı əsasən divizionla bağlı oyunlarda hallanır.
- Bəli, elə deyirlər.

- Özündən soruşmusuz ki, sən hara, futbol hara?
- Bu barədə böyük təəssüf hissi keçirdiyimi ona bildirmişəm. Amma siz də qəbul edərsiz ki, onsuz da çətin vəziyyətdə olan qardaşımı mənfi fikirlərlə yükləməyim uyğun olmaz. Adam öz doğmasına qarşı bunu etməz. Yəqin ki, onunla bu haqda söhbətlərim olar. Bu məsələ həllini tapdıqdan sonra qardaşımla söhbət edərəm.

- Ümumiyyətlə, sizin ailə maddi rifahı normal olan bir ailə kimi tanınır. Bu mənada soruşuram ki, Amilin nə ehtiyacı ola bilər ki, adı bu şeylərdə hallansın?
- Bəli, doğrudan da şübhəlidir. Bəlkə bu nüansa əsasən onun günahsız olduğunu düşünmək olar. Nə ehtiyacı ola bilər ki, bu adam belə bir şey etsin? Orta Azərbaycan ailəsi kimi, bizim də öz gəlirimiz var. Həyatımızdan razıyıq. Dediyiniz kimi, bu mövzu da bir göstəricidir ki, bu adam niyə bunu etsin? Adamın özünə də təəccüblü gəlir.

- O, iki dəfə legioner həyatı yaşayıb, idman aləmində kifayət qədər tanınır. Yəqin ki, özünün də maddi durumu pis olmayıb. Düzdür?
- Bəli.

- Bunun özü də bir şübhə yaradır ki, maddi cəhətdən təminatlı bir şəxsin bu sahədən gələn pula nə ehtiyacı var ki?
- Elədir. Dediyim kimi, mən Amilin günahsız olduğuna inanıram. Amilin buna ehtiyacı yoxdursa, məntiq onu göstərir ki, belə bir şey etməyib.

- Bəlkə hansısa həvəsi olub?
- Yox, qətiyyən. Onun bununla heç bir əlaqəsi yox idi. Bildiyim qədərilə, belə şeylərdən heç başı da çıxmırdı. “Stavka”nın nə olduğunu bilmirdi. Amil Azərbaycan basketbolu adına yetərincə uğurları, əziyyətləri olan idmançıdır. 2015-ci il Avropa Oyunlarında meydançada ayağı qırıldı, xəstəxanada ayağına gips qoydular, o vəziyyətdə ikinci oyunda gəlib meydançanın kənarında oturdu. Bir idmançı komandasına ancaq bu qədər can yandırar. Peşəkar futbolçuda belə görməyəcəyimiz haldır. Amil Ukraynada legioner həyatına başlayanda, komandadakı oyunçulardan fərqlənirdi. Əzmi sayəsində bu fərqi aradan qaldırmağı bacardı. Gündə 3 dəfə məşq edirdi, özü fərdi hazırlaşırdı. Həm fiziki, həm də topla individual məşq edirdi. Bir də komanda ilə birlikdə hazırlaşırdı. Bu əzmkarlığı sayəsində həmin fərqi bağladı. Amil ölkəmizin bayrağını zirvələrə qaldırmaqdan ötrü öz sahəsində əlindən gələni etdi. C divizionunda iki dəfə çempion olublar. Basketbolda ən sonuncu Avropa turnirində qatıldıqları bütün yarışlarda ilk 3-lükdə yer alıblar. 2 il bundan qabaq Amsterdamdakı böyük Avropa turnirində çempion oldular. Azərbaycan basketboluna qazandıra biləcəyi uğurlar üçün əlindən gələn hər şeyi edib. Yenə də etməyə hazırdır. Qarşıdan vacib yarış gəlir. Milli komandamız iyun ayında C divizionu çərçivəsində İrlandiyada mübarizə aparacaq. Qrupda bizim düşmənimiz olan Ermənistan da iştirak edir. Komandamızın məşqçiləri Amilin orada iştirakını vacib sayırlar. Amil özü də orada oynamağa hazırdır. Çünki bizim millimiz Ermənistanla böyük yaş qrupunda üz-üzə gəlməyib. Qardaşım da bu fürsətdən istifadə edib, Azərbaycanın adını daha yüksəklərə qaldırmaq üçün canla-başla mübarizə aparmağa hazırdır.

- Qardaşınız ailəlidir?
- Bəli.

- Evi, maşını var? Dolanışığı qaydasındadır?
- Maşını yoxdur, cənab prezidentin verdiyi evi var.

- Bu xəbər çıxandan sonra ailə üzvlərinin, dost-tanışların reaksiyası necə oldu?
- Bilirsiz, ətrafınızdakı bir adamı müsbət şəxs kimi tanıyırsızsa, onun haqda çıxan mənfi xəbər sizdə ancaq təəccüb doğura bilər. Buna yalnız təəccüblənə bilərsiz ki, axı biz ondan belə şey gözləmirik. Nəyin necə olacağını bilmək üçün prosesin başa çatmağını gözləmək lazımdır. Heç kim Amildən belə bir şey gözləmir və bunun sübuta yetiriləcəyinə inanmır. Hamımız ümidlərimizin doğrulacağını gözləyirik.

- İstantaq nə vaxt başa çatacaq?
- Bunu mən deyə bilmərəm. Hüquq-mühafizə orqanları istintaqı davam etdirir.

- Qardaşınız iki ay olar həbsdədir?
- Xeyr, iki ay olmaz.

- Dekabrda həbs olunub?
- Bəli. İki ay deyil, az olar.

- Bu müddətdə neçə dəfə görüşmüsüz?
- Vallah, saymamışam, hardasa 3-4 görüşümüz olub.

- Qardaşınız hər dəfə özünün günahsız olduğunu deyir?
- Bəli.

- Əhval-ruhiyyəsindən necə, hiss edirsiz bunu?
- Əhvalı pisdir. Amma günahsız olduğunu düşündüyü üçün rahatdır. Xoş olmayan bir şəraitdədir, amma içində bir narahatlıq yoxdur. Bilir ki, bizdə bütün sistemlər düz işləyir. Hüquq-mühafizə orqanları öz vəzifələrini yetərincə yerinə yetirirlər və onun günahsız olduğunu ortaya çıxaracaqlar.

- Bəlkə kimsə qardaşınıza şər atıb?
- Bunu mən deyə bilmərəm. Şərmi atılıb, səhvmi başa düşülüb, hər şey istintaqın nəticəsində bilinəcək. Qardaşımın nəinki idman aləmində, ondan kənarda da heç kimlə nə prinsipi, nə bir düşmənçiliyi olub. Amilin idmanda nə qədər uşağa həm maddi, həm də mənəvi yardım etdiyini hamı bilir. İdmandan kənarda kimlərə dəstək olduğunu isə sadəcə mən bilirəm. Universitetdə oxuyan aztəminatlı uşaqlara, xəstələrə kömək edib. Sosial işlərdə aktiv idi, amma onu kimsə bilmirdi. Ona görə də ətrafda müsbət tanınan, yaxşı təsir bağışlayan insandır. İnanmıram ki, kimsə onunla düşmənçilik etsin.

- Hüquq-mühafizə orqanları futbolda danışılmış oyunlara qarşı ciddi mübarizə aparır. Yaxınlarda AFFA-nın baş katibi Elxan Məmmədov da bildirdi ki, digər idman növlərinin tanınmış simalarının da bu işlərdə əli var...
- Elxan Məmmədov Amilin saxlanılmasından sonra bu haqda məlumat yaydı. Yəqin ona bu barədə xəbər verdilər. O da buna əsasən, belə fikirlər səsləndirib.

- Amilin həbsi Cəmşid Məhərrəmovun saxlanılmasından sonra baş verdi. Onunla əlaqəsi olduğunu düşünmürsüz?
- Xeyr, düşünmürəm. Xarici basketbolçuları saymasaq. Amilin ətrafında olan insanların 90-95 faizi mənə tanışdır. Cəmşidi isə ümumiyyətlə tanımıram. Amilin onunla əlaqəsinin olmadığını düşünürəm.

- Ümumiyyətlə, Amilin futbol adamlarından tanışları var?
- Amil 13-14 yaşından milli komandalarla birlikdə yarışlara gedirdi. Futboldan yox, bəzi tədbirlərdən, məsələn, cənab prezidentin ad günündən, Bakıdakı Avropa Oyunları vaxtı keçirilən yığıncaqlardan bir çox insanlarla münasibəti yarandı. Onların arasında digər idman növləri ilə məşğul olan şəxslər var.

- Bilirsiz, niyə soruşduq? Futbol adamlarından kimdəsə şübhələr ola bilər. Hazırkı vəziyyət Amilin onlarla münasibətindən də qaynaqlana bilər...
- Ola bilər. Amil çox ünsiyyətcildir. Biz orta məktəbi Gəncədə oxumuşuq. O, 9-cu sinifdən sonra Bakıya gəlib. 1-dən 3-ə kimi bir sinifdə oxuyub. 4-cü sinifi oxumadı, birbaşa 5-ə keçirdilər. Sonra başqa məktəbdə oxudu, ardınca isə Bakıya gəldi. 3-4 məktəb dəyişib. İnandırım sizi, birinci sinifdə birlikdə oxuduğu uşaqlarla belə, hələ də əlaqəsi var. Mən əhatəsi bu qədər geniş olan başqa bir insan tanımıram. Mənim də ətrafım genişdir, amma onun qədər deyil. Amilin çox insanla əlaqəsi var. Ukrayna və Moldovada legioner həyatı yaşayıb, hər zaman ölkədən kənarda problemi olan hər hansı həmyerlimizə kömək etməyə çalışıb. Bəlkə futboldan da kimlərləsə “salam-sağ ol”u var. Çünki hansısa yarışa, məsələn, cüdodan 7-8 nəfər gedirsə, futboldan 22-25 nəfər yollanır. Bu mənada, kimlərləsə münasibət ola bilər. Bu nüansdan şübhəli məqamlar ola bilər. Ümid edirik ki, yaxın vaxtlarda bilinər.

- Çox maraqlıdır, qardaşınız indiyə kimi futbola, hansısa bir kluba azarkeşlik edibmi? Hər hansı bir oyuna getdiyini görmüsüzmü?
- Amilin elə bir xasiyyəti yoxdur. Millinin oyunlarına gedirdi yalnız. Bir də ki, yarışlarda çox olurdu. 21-22 yaşına kimi mütəmadi olaraq, yarışlarda iştirak edib. Məşq, yorğunluq, ev… Bir də yarışlara gedirdi deyə, dostları, yoldaşları ilə ancaq telefon vasitəsilə danışa bilirdi. Hər hansı kluba azarkeşlik etmir. Məsələn, mən “Fənərbaxça” idman məktəbinin rəhbərliyindəyəm deyə, bu komandaya azarkeşlik etməyə başlamışam. Bu da burada işləyəndən sonra başlayıb. Ailəmizdə də fanatlıq, davamlı olaraq, hansısa komandanın oyunlarına getmək kimi bir şey yoxdur.

- Proseslə yaxından maraqlanırsız. Gedişat sizə nə vəd edir?
- Mən belə düşünürəm ki, Amilin günahsız olduğu ortaya çıxmalıdır. Prosesin düzgün istiqamətdə getdiyini fikirləşirəm. Hər şey Amilin günahsızlığını ortaya çıxaracaq səviyyədədir. Bəzi yerlərdə bizim idman məktəbinin adını hallandırırlar. Başa düşürəm, nəsə eşidiblər, onu yazırlar. Sadəcə, bəzi şeylərə diqqət etmək lazımdır. Bu, sübuta yetirilməmiş bir şübhə, ehtimaldır. Belədə həmin insan haqda bu tərzdə xəbər yaymaq etik olaraq, düzgün deyil. Çünki sözügedən adam bizim bayraq, idmanımız üçün illərini həsr edib. Biz heç vaxt varlı bir ailə olmamışıq. İndi də elə deyilik. Ortabab ailəyik. Bizim evdə qazan qaynatmağa, meyvə almağa pulumuz olmayan vaxtlar olub. Onda Amilin aylıq 50 dollara məşq etdiyi vaxtlar olub. Amma idmanı buraxmayıb, arxasınca gedib. Bu vətən, bayraq üçün mübarizə aparmaq onun borcudur, borcunu da yerinə yetirib. Ona görə də Amilin haqqında danışanda bir az daha ehtiyatlı olmaq daha yaxşı olar.

- “Fənərbaxça” akademiyasının yaranması və hazırkı fəaliyyəti haqda fikirlərinizi bildirərdiz.
- 4 il bundan qabaq bu məktəbləri yaratmaq qərarına gəldik. Biz idman məktəbi kimi fəaliyyət göstəririk. Bunun akademiya ilə fərqini soruşsaz, universitetə hazırlıq kursları var, bir də universitetlər var. Biz uşaqları hazırlaşdırıb, akademiyalara göndəririk. Təbii ki, ilk növbədə “Fənərbaxça” akademiyasına. Bundan başqa, “Qarabağ”, “Zirə” kimi klubların, digər yerli akademiyaların təkliflərini öz uşaqlarımıza yönləndiririk. Ona görə də biz akademiya yox, məktəb sayılırıq. Qeydiyyatımız da idman məktəbi gedir. Üç idman növümüz var. Bunlar futbol, voleybol və basketboldur. Voleybolu ötən il əlavə etdik. Buna qədər yalnız futbol və basketbol var idi. Bu müddət ərzində öz gücümüz çərçivəsində oyunçu yetişdirməyimizə inanıram. Basketbolda milli komanda səviyyəsində oyunçu vermişik. Hazırda Superliqada oynayan 4 basketbolçumuz var. İkisi “Atletik”, digər ikisi isə “Gəncə” komandasında oynayır. Builki çempionatın da işimizə təsiri oldu. Belə qayda qəbul edildi ki, bütün komandaların tərkibinə gənc yerli oyunçular daxil olunsun. Sırf idman məktəblərinə dəstək olmaq məqsədilə bu addım atıldı. Voleybol sırf qızlar üçündür. Orada da yaxşı, ucaboy oyunçularımız var. Futbol oğlanlar, basketbol isə oğlan və qızlar üçündür. Voleybolda qızlarımız var ki, artıq bir ildir bizimlədilər. Bəziləri isə daha az müddətdi bizdə məşq edirlər. Amil var, həm millinin oyunçusu, həm də “Neftçi”nin kapitanıdır. Onunla danışıblar, deyib ki, ucaboy uşaqlar lazımdır. Bizdə də belə qızlar var. Heç bir maddi qarşılıq olmadan istedadlı oyunçularımızı ona təklif etmişik. Çünki məqsədimiz bu uşaqları yetişdirib, milli komandalara ötürməkdir.

- 3 ayrı idman sahəsi üzrə ayrılıqda neçə nəfər uşağınız var?
- Hardasa 35-40 nəfər voleybolda, 50-55 nəfər futbolda, basketbolda isə təqribən 80 nəfər uşaq var. Futbol məşqçilərimiz B, C kateqoriyalı mütəxəssislərdir. Basketbolda kateqoriyalaşma tam oturmadığına görə məşqçilərimiz milli komandanın üzvü olan aktiv oyunçulardır. Voleybolda da vəziyyət təxminən bucürdür. Müəyyən bir proqram izlənilir. Proqram-kitabçalarımız var. Axırıncı dəfə basketbolda proqram-kitabçamız yeniləndi. Türkiyədən bizə proqram təyin olunur. Orada ümumi məşqin adı deyilir. Məsələn, filan pas məşqi. Bundan sonrasına artıq məşqçilərimiz qərar verirlər. İndividual şəkildə bundan insiativ alırıq.

- “Fənərbaxça”nın özü ilə əlaqələriniz hansı səviyyədədir? Çünki bu klubun təkcə Azərbaycanda yox, başqa ölkələrdə də distribyutor məktəbləri var...
- Biz “Fənərbaxça”nın Bakıdakı rəsmi məktəbiyik. “Fənərbaxça” idman məktəblərinin saytı var. Orada bizim məktəbin adı da var. Rəsmi nümayəndə kimi isə mənim adım – Amin Həmzəyev qeyd olunub. Formalarımız birbaşa İstanbuldan gəlir, “Fenerium”un öz məhsuludur. Yalnız idman məktəblərinə verilən məhsullardır. Bunları satışdan almaq mümkün deyil.

- “Fənərbaxça” idman məktəbi Azərbaycanda özünü doğruldurmu?
- Doğrultmağa çalışır. Müəyyən çətinliklər var ki, bunları aşmaq lazımdır. Əlimizdən gələni edirik. Ödənişli idman məktəbləri elə bir sahədir ki, akademiyadan tamam fərqlənir. Azərbaycanda bu sahə tam öyrənilməyib. Biz öz növbəmizdə bu sahəni bir çoxlarından yaxşı bildiyimizi düşünürük. Ancaq xaricdəki, məsələn, Türkiyədəki ödənişli məktəblərə baxanda müəyyən şeyləri öyrənməli olduğumuzu görürük. Mütəmadi kamplara, seminarlara gedirik, məşqləri izləyirik. İmkan olduqca öz məşqçilərimizi ora aparırıq. Orada müxtəlif akademiyaların, idman məktəblərinin məşqçiləri, bütün idmançıları bir araya gəlirlər. Hər yer “Fənərbaxça” bayraqları ilə bəzədilir. Həmin tədbirlərdə bizim məşqçilərimiz də olub. İdman baxımından çox şeyi bilirik, sadəcə, təşkilati baxımdan müəyyən yenilikləri öyrənirik. Buyaxınlarda “Barselona” akademiyası ilə bağlı qarşıma bir reklam çarxı çıxmışdı. Orada hətta uşaq zədələnərsə, onunla necə rəftar etməyin təlimi göstərilir. Bu, ayrıca bir dərslikdir və 600 avro qiyməti var. Yaxud da akademiyada dərsə gedən uşağı necə yola salmaq lazımdır. Uşaq dərsdən gələndə “5” alıbsa, necə davranmaq lazımdır, “2” alıbsa, nə deməlisən. Atası ağrıyırsa, necədir, ağrımırsa, necə. Bunlar hamısı ayrı-ayrı psixologiya sahələridir. Uşaqla işləmək tək idmanı bilmək, pası düzgün atmağı öyrətmək deyil. Uşaqların hərəsinin fərqli qavrama özəlliyi var. Məsələn, autizmli uşaqlar var, hansı ki, valideyn bunu qəbul etmək istəmir. Uşaq çox aktivdir, bu da autzimin bir növü sayılır. Valideyn bunu qəbul etmir və onu məşq gətirir. Burada əziyyət artıq məşqçiyə düşür. Çünki normal uşaqlarla birlikdə autizmli uşağa məşq keçir. Hər bir uşağın sağlamlıqla bağlı arayışı var, müəllimə autizmlə bağlı məlumat verilməyib. Belədə bütün yük məşqçinin üzərinə düşür. Bütün uşaqları eyni qrup içində idarə etməyi bacarmalıdır. Bu isə artıq bir məsuliyyətdir. Müəllim psixoloji cəhətdən güclü olmalıdır. Vəziyyəti oxuma, idarəetmə qabiliyyəti olmalıdır. Uşağı cəzalandırarkən məsələyə fərdi şəkildə yanaşılmalıdır. Qrup şəklində cəza verəndə fərqli reaksiya ala bilərik. Müəllimlərimiz bu cür halları gördükcə, özləri də təcrübə qazanırlar.

- İndiyə kimi Bakıdan “Fənərbaxça”nın özünə baxışa apardığınız futbolçular olubmu? Bu, eyni zamanda voleybola və basketbola da aiddir.
- Məktəbi açdığımız ərəfələrdə belə bir qayda dəyişikliyi oldu ki, uşaqların bir ölkədən başqasına transferi zamanı ailəsi də onunla birlikdə getməlidir. 9 yaşlı uşağı hansısa başqa ölkədəki akademiyaya tək göndərmək olmaz. Ata-anası da getməlidir. Çünki uşaq mənəvi travma ala bilər. Məsələn, ora gedib, bəyənilməsə, sonradan onun yenidən ayağa qalxması, həyata bağlanmasında çətinliklər olur. Bizim bəyənilən uşaqlarımız əsasən aşağı yaş qruplarındadır. Məsələn, Toprak Kamer adlı uşaq var, Türkiyə vətəndaşıdır, bəyənilib. Səttar Tahirzadə yaxşı təsir bağışlayır. 11 yaşı var, üç ildir bizimlə məşq edirdi, hazırda “Zirə”nin akademiyasındadır. Elton Mikayılov “Qarabağ”dadır. Uşaqların transferində problem var. Türkiyədə 80 milyon əhali yaşayır, bizdə isə 10 milyon. Bizim oyunçular türklərdən o qədər üstün olmalıdır ki, akademiyaya götürsünlər. Eyni səviyyədə olanda götürmürlər. Çünki klub özü bu xərci qarşılamaq istəyib-istəmədiyi haqda qərar qəbul etməlidir. Bəzi klublar, məsələn, “Altınordu” bunu edir. Klub çox istedadlı bir uşağın bütün ailəsinin təminatını ödəyir, köməklik edir. Bildiyim qədərilə, onlarda da pasport cəhətdən bir az problem olur. Amma bəyəndikləri oyunçular var ki, davamlı olaraq onunla maraqlanırlar, oyununu izləyirlər. Bizlə mütəmadi əlaqə saxlayıb, Toprak, Səttar və Eltonun vəziyyəti ilə maraqlanırlar. Akademiyalarında yenə dəyişikliklər etməyə hazırlaşırlar. Artıq azyaşlı uşaqların da transferini gerçəkləşdirmək istəyirlər. Basketbolda isə vəziyyət bir az fərqlidir. Burada əsasən ucaboy oyunçular axtarırlar. Türklərdə seçim o qədər çoxdur ki… Məsələn, bizdə 2006-cı il təvəllüdlü 1,95 m boyunda bir oyunçu var. Onu türklərə təklif etdim, dedilər ki, bizim 2006-cı illərin boyu 2,05 m-dən yuxarıdır. O dərəcədə seçimləri var yəni. Ora düşmək çox çətindir. Basketbolda qısa oyunçu tapmaq asandır. Biz də öz növbəmizdə təklif olunanlar arasında belə uşaqlara endirim edirik, hətta pulsuz da götürürük. Onları basketbola cəlb edib, yetişdirmək istəyirik.

- Azərbaycan çempionatlarında iştirak edirsizmi?
- Xeyr, Sadəcə, kiçik turnirlərdə iştirak edirik və yoldaşlıq oyunları keçiririk. Bu dediyiniz nüans akademiya ilə uşaq idman məktəbləri arasındakı əsas fərqlərdən biridir. İdman məktəbinə gələn uşaqların 50 faizi idmançı olmaq istəyir. Bəzilərinin valideynləri istəyir ki, uşaqlarının boyu artsın, idman etsin, pis vərdişlərdən uzaq olsun və ya köklüyü aradan qalxsın. Bu uşaqlar hətta hava şəraitindən asılı olaraq məşqə gəlməyə bilərlər. Hava şəraiti bir az yağışlı, küləkli olanda məşqə gəlmirlər. Bu fikirdə olan valideynlər və uşaqlarla çempionata girmək də çətindir. Çünki 11-12 nəfərlik heyət qurarsız, oyun günü yağış yağdığı üçün uşaqların yarısı gəlməyə bilər. Bu baxımdan çempionata qatılmaq bir az daha çətindir. Hədəfimiz elə bir rəqəmə çatmaqdır ki, bütün yaş qruplarında alternativ komanda yaransın. Biz istedadı olan, amma maddi imkanları aşağı uşaqlara güzəşt edirik, bəzilərini ödənişsiz götürürük. Onlar “Ulduzlar” komandası olaraq yarışlarda da iştirak edirlər. Yalnız bu nöqtədən sonra yarışlara qatılmaq mümkündür. Bunun idarə olunması tamamilə çətin bir işdir. Hər şey proqramlı şəkildə olmalıdır. Fikirləşirəm ki, buna çatmaq üçün hələ iki etapımız var.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!