"Niyə hər şeyi pulla həll edə biləcəklərini düşünürlər?"

13 Oktyabr 2019 15:31 Basketbol 778
"Niyə hər şeyi pulla həll edə biləcəklərini düşünürlər?"

Təxminən 1 illik fasilədən sonra kişilər arasında XXVII Azərbaycan Super Liqası start götürüb. Region təmsilçilərinin də qatıldığı budəfəki çempionatda 8 komanda mübarizə aparır: "Zirvə Astara", "Gəncə", "Atletik”, "Atom", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan".

Ötən illərlə müqayisədə yeni reqlament tətbiq olunub. Komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcək, daha sonra hər bir iştirakçının qatılacağı pley-off başlayacaq.

Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.

Sportinfo.az xəbər verir ki, “Sektor 11” azarkeş qrupunun yaradıcılarından biri olan Atanur Cəfərli “facebook” hesabında bununla bağlı maraqlı status paylaşıb:

Deməli, iki il öncə həvəskar kimi qurduğumuz basketbol komandası ilə Azərbaycan liqasında çıxış etmək üçün müraciət etdik.

Həmin il bizimlə birgə “Alov” da müraciət etdiyinə görə federasiya bu iki komanda arasında oyun təşkil etdi, qalib liqada çıxış edəcəkdi. Bizim uşaqlar da həm mənə, həm də yaratdığımız komandaya dəstək üçün oyuna gəlmişdilər.

Mən çox az müddət oyunda olsam da, komandaya möhtəşəm dəstək verdilər. Bəlkə də liqa tarixində elə azarkeş dəstəyi olmamışdı. Federasiya nümayəndələri də təəccüblə baxırdı. Bu dəstəyə görə hətta rəqib komanda da bizə təşəkkür etmişdi.

Biz oyundan əvvəl və oyundan sonra da danışdıq ki, onsuz basketbolumuz zəifdir, bizim komandanı liqaya buraxın, heç olmasa, oyunlarda maraq və azarkeş dəstəyi olsun, razılaşmadılar.

Biz də məğlub olduğumuza görə liqada çıxış edə bilmədik. Növbəti mövsüm də komandalar federasiyanı boykot elədi. İndi o boykotun nəticəsi kimi federasiya bu mövsüm daha yaxşı çempionat keçirməyə çalışır, amma boykot edən komandaları liqaya buraxmayıb.

Bizə də xəbər göndəriblər ki, çempionatın açılışıdır, gəlin, pul qarşılığında dəstək olun. Niyə hər şeyi pulla həll edə biləcəklərini düşünürlər? Hər şeyə rəğmən, Azərbaycan basketbolu adına basketbolu sevən hər kəsi “Sərhədçi”yə dəvət edirik”.

Xəbər Lenti