Federasiya Fransa çempionu olan millimizin üzvü ilə maraqlanmır

14 İyul 2019 19:36 Basketbol 1 104
Federasiya Fransa çempionu olan millimizin üzvü ilə maraqlanmır

Artıq 8 aya yaxındı basketbol üzrə ölkə çempionatı keçirilmir.

Klublarla federasiya rəhbərliyi arasında yaşanan narazılıq birincilərin çempionatı boykot etməsi ilə nəticələndi ki, bu haqda dəfələrlə yazıb, tərəflərin hər birinə tribuna vermişik.

Qarşıdurmanın nə vaxta kimi davam edəcəyi məlum deyil. Bəlli olan odu ki, bundan əziyyət çəkən ökə idmanı, basketbolsevərlər və basketbolçuların özləridi.

Yığması beynəlxalq yarışlara qatılmayan, klubları avrokuboklarda oynamayan ölkənin basketbolçuları da “daxili qazanda qaynamaqla” heç nə əldə edə bilməyəcək.

Halbuki onların arasında Endər Poladxanlıdan heç də geri qalmayan, bu gün Avropanın başqa çempionatlarında çıxış edə biləcək səviyyədə oyunçular var.

1,98 m boya malik, hücumçu mövqeyində çıxış edən Endər (basketbol camiəsi onu Eldar kimi tanıyır) ötən mövsümü Fransanın güclülər dəstəsində çıxış edən “Şöle”nin düşərgəsində keçirib.

Gənc basketbolçu mövsümlərarası fasilədən istifadə edərək istirahətini doğma vətəndə keçirmək üçün Bakıya gəlib.

Fürsətdən istifadə edib Poladxanlı ilə həm Fransadakı həyatı, həm də basketbolumuzun bugünkü durumu barədə söhbətləşdik ("Futbol+").

- Basketbola Azərbaycanda başlasam da, 4 il əvvəl ustalıq səviyyəmi artırmaq üçün Praqaya yollandım. Bu işdə mənə NTD-nin prezidenti Bəhram Abdinov yardımçı oldu. Məhz onun sayəsində, onun ayırdığı vəsait hesabına Çexiyanın ən tanınmış basketbol akademiyalarının birində ustalıq səviyyəmi artırdım.

Bəs necə oldu ki, Fransaya yollandın?
- Praqada mənimlə eyni komandada ukraynalı baksetbolçu çıxış edirdi. 2017-ci ildə Çexiyada təhsilimi başa vurub Bakıya qayıtmışdım. Təxminən bir aydan sonra həmin ukraynalı dostum mənimlə əlaqə saxladı və bildirdi ki, Kiyevdə bir neçə komandanın iştirakı ilə toplanış təşkil olunacaq. Onu izləmək üçün fransız agentlər Ukraynaya gələcəklər. Gəl, sən də özünü yoxla. Onun sözü ilə Kiyevə getdim. Üç gün toplanışda iştirak etdim və bu gün də agentim olan fransızla tanış oldum. O məni öz ölkəsinin təmsilçilərindən birinə aparacağını bildirdi və bir müddət sonra artıq mən Fransa güclülər dəstəsindən mübarizə aparan “Şöle”nin düşərgəsindəydim. Orda olduğum müddətdə ikinci komandada çıxış etdim və geridə qalan mövsümdə şərəfini qoruduğum “Şöle”nin ikinci komandası gənclər liqasının çempionu oldu.

Növbəti mövsüm, yəqin ki, əsas komandaya cəlb olunarsan...
- 21 yaşım tamam olduğundan artıq gənclər liqasında oynaya bilmərəm. O liqada 21 yaşa qədər basketbolçuların çıxışına icazə verilir. Ona görə də artıq yeni peşəkar müqavilə imzalamağın vaxtı çatıb. Agentim hazırda yeni klub axtarışındadı. “Şöle” rəhbərliyi məni əsas komandaya dəvət edir, ancaq tələsik qərar vermək istəmirəm. Məqsədim daha iddialı klubun şərəfini qorumaqdı. Açığı, İspanıyada çıxış etmək istəyirəm. Agentim də əsasən bu yöndə çalışır.

Çempionatı olmayan, klubları avrokuboklarda çıxış etməyən ölkənin basketbolçusu olmaq nə deməkdi? Fransızlar bununla bağlı sənə heç sual verib, Azərbaycan basketbolunun durumu ilə maraqlanıblar?
- Təəssüf ki, vəziyyət bu dərəcəyə gəlib çatdı. Yaşananlardan çox məyusam. Əlbəttə, maraqlanıblar, çempionatın keçirilməməsinin, millinin beynəlxalq yarışda iştirak etməməsinin səbəbini soruşublar.

Bəs nə cavab vermisən?
- Hər şeyi olduğu kimi danışmışam. Yalandan nə deyim? Onlara bir neçə il öncəyə kimi bizdə normal çempionatın keçirildiyini, klublarımızın və yığmanın qitəmiqyaslı turnirlərə qatıldığını bildirmişəm. Maraqlananlara basketbolumuzda baş verən son proseslər barədə də ətraflı məlumat vermişəm. Üstəlik, onu da vurğulamışam ki, Azərbaycanda basketbola sərmayə qoymaq istəyən, qarşısına ciddi hədəflər qoya biləcək iş adamları var. Sadəcə, onları yaxın buraxmırlar. Elə Abdinovun adını çəkmişəm. Yığmamızın yarışlarda iştirak etməməsi basketbolçularımız üçün mənfi haldı. Məsələn, mənim SV-mi hansısa kluba təqdim edəndə yığma karyeramla bağlı xanada heç nə yazılmır. Bu artıq qarşı tərəfdə basketbolçu barədə başqa fikir formalaşdırır.

Qeyd etdin ki, Çexiyaya yollanmağında bütün yük Bəhram bəyin üzərində olub. O sənin təhsilini maliyyələşdirib. İndi isə agentin fransızdı. Belə olan halda Bəhram bəyin qazancı nə olacaq?
- Bəhram müəllim basketbola təmənnasız sevgi bəsləyir. Onun kimi insanlar çox azdı. O, sadəcə, istəyirdi ki, mən ölkə xaricində oynayım, avropalılara Azərbaycandan da basketbolçu çıxdığını göstərim. Onun əsas məqsədi budu. O heç vaxt məndən qazanc ummayıb.

“Köhnə qitə”yə yollanmağın başqa azərbaycanlı basketbolçuların da ora yolunu aça bilər. Bu məsələdə onlara köməyin dəyir?
- Agentimə bizim bəzi gənclərin adlarını vermişəm. Maraqlanıb, onların iştirak etdiyi oyunların videoyazısını izləyib. Aralarında bəyəndikləri də var. Görək necə olur?

Federasiya rəhbərliyi heç səninlə maraqlanıb?
- Qətiyyən. Bir dəfə də olsun, əlaqə saxlamayıblar.

Bəs özün necə?
- Mən etməliyəm? Özüm federasiyaya zəng vurmalı və ya getməliyəm ki, mən də varam? Bu düzgün deyil. Avropada legioner həyatı yaşayan yeganə azərbaycanlı basketbolçuyam. Federasiya özü mənimlə maraqlanmalı, yeri gələndə hansısa işdə yardımçı olmalıdı.

Başqa ölkənin yığmasında oynamaq təklif olunsa, razılaşarsan?
- Heç vaxt. Azərbaycanı heç bir ölkənin yığmasına dəyişmərəm.

Nə vaxta kimi Bakıdasan?
- Avqustun oratalarına kimi. Ondan sonra artıq bütün klublar yeni mövsümün hazırlığına start verir. Yəqin ki, o vaxta kimi yeni klubumun adı da müəyyənləşəcək.

RƏŞAD

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti