“Növbəti mövsüm 10 və ya 12 komandadan ibarət çempionat planlaşdırırıq”.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev “Sabah” və “Gəncə” arasında keçirilən çempionatın final oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.
Federasiya rəhbəri Azərbaycan Basketbol Liqasında daha çox klubun iştirakına çalışdıqlarını bildirib:
“Bir çox futbol klubları tərəfindən də maraq var. Bəziləri növbəti ildə, bəziləri isə bir il sonra basketbol komandası formalaşdırmaq istəyir.
Klubların istəyi bizim cəlb edə biləcəyimiz saydan daha çoxdur. Basketbolun coğrafiyasının genişlənməsində maraqlıyıq.
Azərbaycanın digər bölgələrində də basketbolun olmasını istəyirik. İnanırıq ki, əldə olunan nailiyyətlər daha çox sponsor cəlb etməyimizə imkan verəcək.
Belədə klublara olan dəstəyin həcmi artacaq”.
Onun sözlərinə görə, komanda sayının artması legioner limitinin dəyişməsinə də səbəb olacaq:
“Klubların sayının artması legioner limitinin 4+1 olmaq ehtimalını artır. Yerli oyunçuların sayı hələ o qədər çox deyil. Hazırda klub sayının artması yönündə çalışırıq”.

