Estoniyanın paytaxtı Tallində keçirilən 18 yaşadək basketbolçulardan ibarət millilərin Avropa çempionatı (B divizionu) başa çatıb.
Sportinfo.az xəbər verir ki, C qrupunda bütün matçlarda məğlub olmuş yığmamız təsəlliverici yarışlarda 2 oyun uduzub, 1 oyunda qalib gəlib.
Samit Nuruzadənin yetirmələri XVII-XXIV yerlər uğrunda oyunda İsveçrəyə 58:60 uduzub. Sonra U-18 millimiz XXI-XXIV yerlər uğrunda oyunda Lüksemburq üzərində turnirdəki yeganə qələbəsini qazanıb - 73:69.
Komandamız dünən Albaniyaya 56:69 uduzaraq XXII yeri tutub. Millimiz qitə birinciliyində yalnız Lüksemburq və İrlandiyanı qabaqlaya bilib.
Yeri gəlmişkən, turnirin qalibi Böyük Britaniyanı 90:84 məğlub edən Xorvatiya olub. III yeri meydan sahibləri Estoniya tutub.
Avropa çempionatlarında aşağı yaş qruplarından ibarət millilərimiz arasında ən yaxşı nəticəni U-16 yığmamız göstərib.
Onlar Andorrada sonradan çempion olan Ermənistana uduzsalar da, C divizionunda bürünc medallara yiyələniblər. U-20 millimiz isə Rumıniyada keçirilmiş B divizionunda yalnız Maltanı qabaqlayaraq XIX olub.

